00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 22:56 98 2 dəq oxuma
Siyasət

“Ermənistanda kimin hakimiyyətdə olub-olmaması vacib əhəmiyyət daşımır”- DEPUTAT

“Ermənistanda kimin hakimiyyətdə olub-olmaması vacib əhəmiyyət daşımır”- DEPUTAT

Ermənistanda 2026-cı ilin 7 iyununda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu seçkilər təkcə daxili siyasi qüvvələr arasında mübarizə deyil, həm də müxtəlif xarici güclərin maraqlarının toqquşduğu bir proses kimi qiymətləndirilir.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, regionda yeni reallığı formalaşdıran və yeni geosiyasi balansı yaradan Azərbaycandır:


“Ona görə də Ermənistanda hakimiyyətdə kimin olması o qədər ciddi əhəmiyyət daşımır. Bəzən belə düşünülür ki, əgər Paşinyan hakimiyyətdən gedərsə, 7 iyun seçkilərində məğlub olarsa, regionda vəziyyət birdən-birə dramatikləşər və müharibə baş verə bilər, amma bu ehtimal çox aşağıdır. Ona görə ki, hər şeydən öncə Ermənistan ordusu və müharibə aparmalı olan əsgəri resurslar və texniki təchizat Azərbaycandan qat-qat aşağıdır. Nəticə etibarilə, yenidən hakimiyyətə kim gəlirsə gəlsin, ilk növbədə hakimiyyətini qorumağa çalışacaq. Ancaq müharibəyə başlayarsa, dərhal hakimiyyətdən getməli olduğunu da, acı məğlubiyyət kontekstində  getməli olduğunu da görməlidir. Ona görə də Ermənistanda kimin hakimiyyətdə olub-olmaması o qədər də vacib əhəmiyyət daşımır. Əlbəttə ki, bu, sadəcə sülh prosesinin uzadılmasına gətirib çıxara bilər. Yeni diplomatik masaların qurulmasına cəhdlər ola bilər, beynəlxalq hüququn manipulyasiyası hadisələri baş verə bilər, Ermənistanın ənənəvi tərəfdaşlarını, xüsusilə Fransa başda olmaqla, bir qədər daha fəallaşdıra bilər, amma həqiqəti dəyişə bilməz”.


Deputat qeyd edib ki, hər hansı radikal addım dərhal Azərbaycanın sərt reaksiyasına səbəb ola bilər:


 “Biz bu günə qədər sülh əldə edə bilmədiyimizi, yəni Zəngəzur dəhlizini hələ də aça bilmədiyimizi görürük. Bu məsələni biz müharibə ilə həll edə bilərik. Çünki onsuz da o ərazilər müxtəlif dövrlərdə şübhəli qərarlarla və Azərbaycan xalqının iradəsi olmadan Ermənistana verilib. Əgər Ermənistanda ritorika dəyişəcəksə, Azərbaycana qarşı yeni gələn radikal hakimiyyət radikal qərarlar qəbul edəcəksə, bu zaman Azərbaycan masa üzərinə sadəcə 9 min kvadrat kilometrlik ərazisi olan Ermənistan məsələsini gündəmə gətirəcəkdir. Çünki Azərbaycan Xalq Cümhuriyyəti ermənilərə dövlət qurmaq üçün sadəcə 9 min kvadrat kilometr ərazi verib. Amma bu gün Ermənistan ərazisi 29 min kvadrat kilometrdir və bu da Azərbaycana məcbur edəcək ki, bu şərtlərdə ritorikanı sərtləşdirsin və 20 min kvadrat kilometr ərazinin nə vaxt, necə və nə üçün Ermənistana verildiyi məsələsini aydınlaşdırsın. Ona görə də düşünürəm ki, xarici qüvvələr də bunu nəzərə almalıdırlar. Əsla və əsla başqa fikrə düşməməlidirlər. Yaxşı olar ki, sülh ssenarisi davam etsin. Görünür, erməni elektoratı da bütün bunları götür-qoy edib dərk etdiyi üçün yəqin ki, növbəti mərhələlərdə də sülh gündəminə səs verəcəkdir".


Mehriban Yariyeva

#hakimiyyət #Ermənistan #seçkilər #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər