Ermənistanın 102-ci Rusiya bazası ilə bağlı mövqeyi dəyişir?
Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan bazanın ölkəsi üçün “həyati zərurət” olmadığını və Rusiyanın çıxmaq qərarı verəcəyi təqdirdə İrəvanın buna etiraz etməyəcəyini bildirib. Bu açıqlama Rusiya-Ermənistan münasibətlərində və regionun təhlükəsizlik balansında mümkün dəyişikliklərlə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Hazırda Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması barədə rəsmi qərar yoxdur:
“Paşinyan da bu məsələni Moskva qarşısında qaldırmadığını bildirib. Lakin bazanın mövcudluğunu Ermənistan üçün “həyati zərurət” saymaması və Rusiya çıxmaq qərarı verərsə, İrəvanın etiraz etməyəcəyini söyləməsi ciddi siyasi mesajdır. Bu, Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılılığı azaltmaq və Moskva ilə münasibətləri müttəfiqlikdən daha praqmatik tərəfdaşlıq səviyyəsinə keçirmək niyyətini göstərir. Belə mövqe Rusiya–Ermənistan münasibətlərində etimadsızlığı dərinləşdirə, Moskvanın isə İrəvana qarşı iqtisadi, enerji və siyasi təzyiq vasitələrindən daha fəal istifadə etməsinə səbəb ola bilər”.
Politoloq qeyd edib ki,102-ci bazanın faktiki çıxarılması Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövqelərini əhəmiyyətli dərəcədə zəiflədər və Ermənistanı ABŞ, Avropa İttifaqı və Fransa ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməyə sövq edər.
Züriyə Qarayevanın sözlərinə görəalternativ təhlükəsizlik mexanizmi formalaşmadan Rusiya qüvvələrinin çıxması Ermənistan üçün müəyyən təhlükəsizlik boşluğu da yarada bilər.
Azərbaycan baxımından regionda Rusiya hərbi mövcudluğunun azalması müsbət qiymətləndirilə bilər, ancaq həmin bazanın başqa bir xarici gücün hərbi-siyasi təsiri ilə əvəzlənməsi yeni rəqabət və gərginlik doğura bilər. Buna görə Cənubi Qafqazda davamlı təhlükəsizlik balansı xarici qüvvələrin bir-birini əvəz etməsi ilə deyil, Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və regional kommunikasiyaların açılması ilə qurulmalıdır.
Nurgün Qənizadə