Ermənistanın Avropa İttifaqına yaxınlaşması regionda hansı siyasi dəyişikliklərə səbəb ola bilər?
Edqars Rinkeviçs İrəvanda keçirdiyi görüşlər zamanı Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib. O, həmçinin Latviyanın Ermənistanla əməkdaşlığı genişləndirmək və ölkənin Avropa İttifaqı ilə əlaqələrini dəstəkləmək niyyətində olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Latviya Prezidentinin İrəvana səfərində əsas diqqət Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına və regiondakı postmüharibə proseslərinə yönəlib:
“Latviya Prezidenti Edqars Rinkeviçsin İrəvana səfəri zamanı əsas müzakirə mövzularından biri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması məsələsi olub. Görüşlərdə həm Ermənistan-Latviya münasibətləri, həm də postmüharibə dövründə regionda formalaşan yeni siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər müsbət qiymətləndirilib və bu istiqamətdə addımların davam etdirilməsinin vacibliyi vurğulanıb. Latviya Ermənistanla iqtisadi, təhsil və innovasiya sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Latviya Avropa İttifaqının üzvü kimi Ermənistanın Avropa strukturlarına inteqrasiyasına dəstək göstərən ölkələrdən biridir. Səfər zamanı tərəflər arasında ticarət əlaqələrinin inkişafı, təhsil sahəsində əməkdaşlıq, innovasiya layihələri və diplomatik münasibətlərin genişləndirilməsi məsələləri də müzakirə olunub. Bundan başqa, Ermənistan və Avropa İttifaqı arasında əlaqələrin daha da yaxınlaşdırılması, xüsusilə viza rejiminin sadələşdirilməsi və yeni inteqrasiya mexanizmlərinin tətbiqi məsələləri diqqət mərkəzində olub. Bu cür təmaslar Ermənistanın gələcək xarici siyasət istiqamətlərinin müəyyənləşməsi baxımından da əhəmiyyət daşıyır və regiondakı siyasi proseslərə təsir edə biləcək addımlar kimi qiymətləndirilir”.
Ayşə Müzəfərli