Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə... - Kostanyan
TRİPP (Tramp yolu) - Ermənistanın cənubunun şimalı ilə Naxçıvan dəmir yolu vasitəsilə birləşə biləcəyi deməkdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasimov bildirib ki, Ermənistan Xarici İşlər nazirinin müavininin TRIPP layihəsi ilə bağlı fikri müəyyən mənada əsaslandırılan hesab oluna bilər:
“Belə ki, Ermənistanın cənub rayonları -yəni Qərbi Zəngəzur ərazisi - hazırda ölkənin digər hissələri ilə əsasən şimal istiqamətində avtomobil yolları vasitəsilə birləşir. Bu yollar isə kifayət qədər mürəkkəb relyef və çətin iqlim şəraitinə malik ərazilərdən keçir. Nəticədə bu amillər həm əlaqələri məhdudlaşdırır, həm də yük daşımalarının həcminin artmasına mane olur.
Lakin TRIPP layihəsi çərçivəsində Zəngəzur dəhlizi açılacağı təqdirdə, Ermənistanın cənub rayonlarının Naxçıvan üzərindən əlaqəsi təmin oluna bilər. Bu zaman dəmir yolu xətti Naxçıvan dəmir yoluna birləşərək oradan Arazdəyən stansiyasına çıxış verəcək və beləliklə Ermənistanın digər əraziləri ilə əlaqə formalaşacaq.
Nəzərə alsaq ki, Zəngəzur dəhlizi TRIPP layihəsinin keçdiyi istiqamətdə yerləşir və burada həm dəmir yolu, həm də avtomobil yollarının çəkilməsi planlaşdırılır, bu marşrut məsafə baxımından daha qısa hesab olunur. Bu isə yük daşımalarının sürətini artırmaqla yanaşı, ümumi hərəkət müddətini də xeyli azalda bilər.
Layihənin həyata keçirilməsi Ermənistanın cənub və şimal hissələrini birləşdirməklə yanaşı, ölkəyə imkan verə bilər ki, öz yüklərini məhz Naxçıvan üzərindən dünya bazarına çıxarsın. Bu marşrut vasitəsilə İran, Orta Asiya və Qazaxıstan istiqamətlərinə çıxış da mümkün ola bilər. Ümumilikdə, Zəngəzur dəhlizinin açılması region ölkələrinin maraqlarına uyğun hesab olunur, xüsusilə də Ermənistan üçün mühüm əhəmiyyət daşıya bilər.
Digər tərəfdən, layihənin reallaşdırılması hazırda Yaxın Şərqdə baş verən proseslərlə bağlı müəyyən narahatlıqlar doğurur. ABŞ və İran arasında gərginlik artdıqdan sonra Rusiya bu dəhliz üzərində nəzarətlə bağlı daha fəal mövqe nümayiş etdirməyə başlayıb.
Həmçinin Ermənistan ilə ABŞ arasında 8 avqust 2025-ci ildə əldə olunan razılaşmaya əsasən, Ermənistanda seçkilər başa çatdıqdan sonra bu layihələrin həyata keçirilməsi istiqamətində daha ciddi addımların atılacağı gözlənilir. Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyan edib ki, 2022-ci ildən sonra bu layihənin reallaşması istiqamətində irəliləyiş mümkündür.
Nəticə etibarilə, layihənin həyata keçirilməsi müəyyən dərəcədə Ermənistan daxilində keçiriləcək seçkilərin nəticələrindən də asılı olacaq”.
Səadət Əlizadə