Ermənistanın mədəni irs siyasəti: Azərbaycan beynəlxalq platformalarda məsələni gündəmdə saxlayır
Ermənistanın Azərbaycan mədəni və tarixi irsinə münasibəti uzun illərdir Azərbaycanın beynəlxalq platformalarda gündəmə gətirdiyi məsələlərdəndir. Azərbaycan tərəfi həm Ermənistan ərazisində, həm də işğal dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycan mədəni irsinə zərər vurulduğunu bildirir. UNESCO da 2020-ci ildə Qarabağdakı mədəni irsin qorunması ilə bağlı bütün tərəflərə missiya göndərilməsini təklif edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana və Azərbaycan xalqına məxsus mədəni-tarixi irsə qarşı münasibəti uzun illərdir davam edən siyasətin nəticəsidir.
“Bu prosesin kökləri ötən əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdən etibarən Ermənistan ərazisində, o cümlədən Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus yüzlərlə, minlərlə mədəni və dini irs nümunəsinin dağıdıldığını görürük. 1990-cı illərdən başlayaraq Azərbaycan ərazilərinin işğalından sonra Ermənistan eyni siyasəti işğal olunmuş ərazilərdə də davam etdirib. Nəticədə 300-dən artıq yaşayış məntəqəsi, eləcə də çoxsaylı tarixi və mədəni irs nümunələri dağıdılıb və məhv edilib. Bu siyasətin kökü 100 ildən artıq bir dövrə gedib çıxır”.
Oqtay Qasımovun sözlərinə görə, Azərbaycan baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə davamlı məlumatlar çatdırır. O bildirib ki, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə mədəni irsin vəziyyəti ilə bağlı araşdırmalar aparılıb, hesabatlar hazırlanıb və beynəlxalq təşkilatların bölgəyə səfərləri ilə bağlı çağırışlar edilib.
Politoloq UNESCO-nun bu məsələdə mövqeyinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, təşkilatın bölgədə mədəni irsin vəziyyətinin araşdırılması ilə bağlı konkret addımları yetərli olmayıb.
“Burada ikili standartların mövcud olduğunu rahat şəkildə söyləyə bilərik. UNESCO 2020-ci il Vətən müharibəsindən sonra Qarabağla bağlı müxtəlif məsələlərə reaksiya versə də, Azərbaycanın dəvətinə və nümayəndə heyətinin bölgəyə göndərilməsi ilə bağlı çağırışlarına cavab vermədi. Bu istiqamətdə bu günə qədər də konkret addımlar atılmayıb”, - deyə Oqtay Qasımov vurğulayıb.
Politoloq hesab edir ki, Azərbaycan bu istiqamətdə səylərini davam etdirməli və baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə davamlı məlumatlar çatdırmalıdır.
“Nəticənin necə olmasından asılı olmayaraq, ikili standartlarla üzləşsək belə, bu məsələləri beynəlxalq səviyyədə, beynəlxalq tribunallarda və müxtəlif platformalarda diqqətə çatdırmağa davam etməliyik”.
Nurgün Qənizadə