00:00:00
Yazar
Səadət Əlizadə
27.11.2026 20:15 70 2 dəq oxuma
Siyasət

Ermənistanın yeni konustutisiyasından ərazi iddialarına dair istinad çıxarılıb

Ermənistanın yeni konustutisiyasından ərazi iddialarına dair istinad çıxarılıb

2026-cı il noyabrın 23-də Ermənistan hökumətinin təqdim etdiyi yeni Konstitusiya layihəsindən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Baş nazir Nikol Paşinyan tərəfindən ictimaiyyətə təqdim olunan 89 maddəlik bu layihə hələlik təklif xarakteri daşıyır və hüquqi qüvvəyə minməsi üçün referendumda qəbul edilməlidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ermənistan hökumətinin 2026-cı il noyabrın 23-də dərc etdiyi yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh sazişinin imzalanması yolundakı əsas hüquqi maneənin aradan qaldırılması istiqamətində mühüm mərhələdir:

 

"Ermənistanın qüvvədə olan Konstitusiyasının preambulasında 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il 1 dekabr tarixli "birləşmə" haqqında birgə qərarı əsas götürülür. Rəsmi Bakı bu istinadı ölkənin ən ali qanunvericilik aktında Azərbaycana qarşı təsbit olunan birbaşa ərazi iddiası kimi qiymətləndirirdi. Azərbaycan tərəfi hesab edirdi ki, bu müddəa qüvvədə qaldıqca, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, imzalanacaq istənilən sülh müqaviləsi Ermənistan Konstitusiyasına zidd elan edilərək ləğv oluna bilər".

 

Əlavə olaraq politoloq bildirib ki, Rəsmi Bakı bunu uzun müddətdir irəli sürdüyü əsas ilkin şərtin yerinə yetirilməsi istiqamətində atılan addım kimi görür:

 

"Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu dəyişikliyin xarici təzyiq və ya Bakının tələbi ilə edilmədiyini iddia qeyd edib. Ermənistan hökuməti bu addımı ölkəni münaqişə məntiqindən çıxarmaq və "dördüncü respublika" adlandırılan yeni, dinc dövlət modeli qurmaq zərurəti ilə izah edir. Ermənistan müxalifəti isə layihəni birbaşa Azərbaycanın tələblərinin icrası adlandıraraq sərt tənqid edir. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətni paraflandıqdan sonra Azərbaycan yekun imzalanma üçün yeganə maneə kimi məhz Ermənistan Konstitusiyasının dəyişdirilməsini göstərirdi. Rəsmi Bakı bu istinadın çıxarılmasını sülh müqaviləsinin imzalanması üçün qalan son ilkin şərt hesab edir. Layihənin dərc edilməsi hüquqi prosesin yalnız başlanğıcıdır. Sənədin hüquqi qüvvəyə minməsi və maneənin tam aradan qalxması üçün layihə ümumxalq səsverməsinə çıxarılmalı və Ermənistan vətəndaşları tərəfindən qəbul edilməlidir. Sülh sazişinin yekun imzalanması məhz bu məsələnin referendum yolu ilə öz qəti həllini tapmasından sonra mümkün olacaq".

 

 

Səadət Əlizadə

#ermənistanın #ərazi #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər