00:00:00
Yazar
Admin User
05.02.2026 17:42 128 2 dəq oxuma
Siyasət

“Erməni xalqı sülh istəyir, müharibəyə yox deyir”

“Erməni xalqı sülh istəyir, müharibəyə yox deyir”

Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunub. Tərəflər ticarət, nəqliyyat - kommunikasiya əlaqələri və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edərək, bu addımın regionda sabitliyin və etimadın möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Elman Nəsirov bildirib ki, artıq 6 aydır ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşayır:

 

“Keçən ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar regionumuza sülh gətirib. İki dövlət arasında sülh müqaviləsi paraflanıb və istisna deyil ki, bu ilin sonunda sülh müqaviləsi imzalansın, regionda uzunmüddətli və dayanıqlı sülh gəlsin. Amma sülhün gəlməsi üçün ilk növbədə iki dövlət və xalq arasında etimad mühiti formalaşmalıdır. Etimad mühitinin yaradılması istiqamətində praktik addımlar artıq atılır. Vətəndaş cəmiyyəti səviyyəsində həm Bakıda, həm İrəvanda görüşlər keçirilib. Azərbaycandan keçməklə Rusiya və Qazaxıstandan gələn yüklər dəmir yolu vasitəsilə Ermənistana çatdırılıb. Məsələn, yalnız Rusiyadan 285 vaqon, yəni 20 tondan çox yük Ermənistana çatdırılıb. Bu, iki dövlət və xalq arasında etimad mühitinin formalaşması istiqamətində intensiv addımların nəticəsidir. Siyasi iradə ortadadır, Birləşmiş Ştatlar da bu prosesə dəstək verir. Hər iki dövlətin liderləri sülh və təhlükəsizlik prosesinə verdikləri töhfəyə görə Əbu Dabidə nüfuzlu mükafata layiq görülüblər. Bu mükafat onların sülh istiqamətində apardıqları işlərin beynəlxalq səviyyədə tanınmasıdır. Bu proses çərçivəsində iqtisadi əməkdaşlıq, kommunikasiyaların bərpası və ticarət imkanlarının artırılması məsələləri gündəmdədir. Bu addımlar etimad mühitini gücləndirir”.

 

Elman Nəsirov hesab edir ki, bu ilin region üçün sülh ili olma potensialı böyükdür:

 

“Sülh və təhlükəsizlik olmadan regionda inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Hər iki dövlət sülh və təhlükəsizliyin təminatı istiqamətində addımlar atır və bu addımların məntiqi sonluğuna çatacağına ümidimiz böyükdür”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər