00:00:00
Yazar
Admin User
14.01.2026 15:29 106 4 dəq oxuma
Siyasət

Ermənistan–Azərbaycan sülhü regionun iqtisadi gələcəyi üçün həlledicidir

Ermənistan–Azərbaycan sülhü regionun iqtisadi gələcəyi üçün həlledicidir

Dünya Bankı Ermənistan və Azərbaycan arasında sülh prosesinin uğurla nəticələnməsinin Cənubi Qafqaz regionunun iqtisadi perspektivləri üçün mühüm əhəmiyyət daşıdığını bəyan edib.

 

Bu barədə bankın “Qlobal İqtisadi Perspektivlər” hesabatının yanvar buraxılışında qeyd olunub. Bildirilib ki, 2025-ci ilin avqustunda paraflanan sülh müqaviləsi regional sabitliyin möhkəmlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması həm region, həm də hər iki ölkə, eləcə də bir çox beynəlxalq aktorlar üçün sosial-iqtisadi baxımdan əhəmiyyətlidir və bu, proqnozlaşdırıla bilən bir məsələdir:

 

“İlk növbədə, bu, region ölkələrinin gələcəkdə silahlanmaya ayırdığı vəsaitin azalmasına səbəb olacaq. Bu isə həmin ölkələrin, o cümlədən Azərbaycanın sosial və iqtisadi inkişafa daha çox vəsait ayırmasına imkan yaradacaq. Nəticədə əhalinin rifah göstəriciləri yüksələ, büdcədə konsolidasiya siyasətinin həyata keçirilməsi üçün daha əlverişli şərait formalaşa bilər. Eyni məntiq Ermənistan üçün də keçərlidir. Sülh sazişi Ermənistanla Azərbaycan və Türkiyə arasındakı sərhədlərin açılmasına səbəb olacaq. Ermənistanın coğrafi yerləşməsi nəzərə alındıqda, əhəmiyyətli hissəsi məhz bu iki ölkə ilə sərhəddə yerləşir. Sadəcə sərhəd ticarətinin özü belə, ölkədə əhalinin az olması fonunda rifahın kəskin artmasına səbəb ola bilər. Qarşılıqlı ticarət əlaqələrinin inkişafı hər iki ölkəyə fayda gətirəcək. Artıq bu gün Ermənistan rəhbərliyi Azərbaycandan idxal olunan yanacağın ölkədə qiymətləri aşağı salmasından danışır. Digər sahələrdə də mədən sənayesi, qida sənayesi, elektrotexnika və s. Azərbaycanın üstünlüyü var. Bu baxımdan ticarətin genişlənməsi sərhəd bölgələrində yaşayan əhali üçün rifah artımı deməkdir. Orta Dəhlizin səmərəli təşkili istiqamətində də imkanlar yaranacaq. Xüsusilə Naxçıvan Muxtar Respublikasının kommunikasiya imkanları genişlənəcək. Bu, Naxçıvanın iqtisadiyyatını mövcud durğunluq vəziyyətindən çıxaracaq. Tranzit yol üzərində yerləşməsi Naxçıvana əlavə gəlirlər, investisiya axınları və yeni fəaliyyət sahələrinin yaranmasına səbəb ola bilər. Bu da həm daxili, həm də xarici miqrasiyanın qarşısını almağa kömək edə bilər. Gürcüstan isə bu prosesdə həm avantaj, həm də müəyyən dezavantajlarla qarşılaşacaq. Regionda sabitliyin artması, iqtisadi əlaqələrin genişlənməsi Gürcüstan üçün də imkanlar yaradacaq. Lakin Azərbaycan məhsullarının birbaşa Türkiyəyə daşınması Gürcüstanın tranzit mövqeyini müəyyən qədər zəiflədə bilər. Bununla belə, digər sahələrdə əldə ediləcək faydalar bu itkiləri kompensasiya edə bilər. Ümumilikdə sülh sazişi Azərbaycan üçün işğaldan azad olunan ərazilərin iqtisadi resurslarının bərpası, məskunlaşmanın həyata keçirilməsi və bu resursların iqtisadiyyata inteqrasiyası baxımından böyük imkanlar yaradır. Bu proses həmçinin Gürcüstan və Ermənistan iqtisadiyyatlarının yenidən qurulması və inkişafı üçün də fürsətlər təqdim edir - infrastruktur, xidmət sektoru, investisiya axınları və s. Paralel olaraq bu saziş digər regional aktorlar - Türkiyə, İran, Rusiya, Çin və Avropa ölkələri üçün də əhəmiyyətlidir".

 

Həmçinin ekspert bildirib ki, nəqliyyat və kommunikasiya imkanlarının şaxələnməsi, vaxt və xərc sərfiyyatının azalması bu ölkələrin siyasi və iqtisadi müstəqillik imkanlarını da artıracaq:

 

"İki ölkə arasında ticarət əlaqələrinin inkişafı hər iki tərəfə fayda verəcək. Artıq Ermənistan rəhbərliyi Azərbaycandan alınan yanacağın ölkədə yanacaq qiymətlərinə müsbət təsir etdiyini etiraf edib. Əlavə olaraq, mədən sənayesi, qida sənayesi, elektrotexnika və digər sahələrdə Azərbaycan daha əlverişli şərtlərlə məhsul təklif edə bilir. Bu da iqtisadi inteqrasiyanın daha effektiv şəkildə aparılmasına şərait yaradır. Ticarət əlaqələrinin genişlənməsi xüsusilə sərhəd bölgələrində yaşayan əhali üçün rifah göstəricilərinin artmasına səbəb olacaq. Eyni zamanda, Orta Dəhliz üzərindən keçən nəqliyyat yollarının qurulması və səmərəli istifadəsi üçün imkanlar yaradılacaq. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına, sosial rifahının yüksəlməsinə və uzunmüddətli miqrasiyanın qarşısının alınmasına səbəb ola bilər. Gürcüstan bu prosesdə həm üstünlüklər, həm də müəyyən itkilərlə qarşılaşacaq. Azərbaycan məhsullarının Türkiyəyə birbaşa çıxışı Gürcüstanın tranzit imkanlarını azalda bilər, lakin digər sahələrdə yaranacaq faydalar bu itkiləri kompensasiya edə bilər. Ümumilikdə isə bu sülh sazişi Azərbaycanın işğaldan azad edilən ərazilərinin iqtisadi potensialının bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Ermənistan və Gürcüstan da bu prosesdən faydalana biləcək. İnvestisiyalar, satınalmalar və digər iqtisadi axınlar regionda canlanma yaradacaq. Sülh sazişi həmçinin Türkiyə, İran, Rusiya, Çin və Avropa ölkələri üçün də strateji əhəmiyyət daşıyır. Nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi, xərclərin və vaxtın azalması bu ölkələrin də maraqlarına uyğundur. Bu isə iqtisadi və siyasi müstəqilliyin güclənməsinə dəstək verə bilər. Uğursuz sülh, əlbəttə ki, arzuolunan bir nəticə deyil. Bu, sadaladığımız bütün üstünlüklərin itirilməsi ilə yanaşı, bir sıra mənfi proseslərin də başlanğıc nöqtəsi ola bilər. Belə bir ssenari ölkələrin növbəti mərhələdə silahlanmaya və hərbiləşməyə daha çox vəsait ayırmasına, sosial-iqtisadi sahələrə diqqətin azalmasına, mövcud infrastrukturun köhnəlməsinə, ümumi rifah göstəricilərinin zəifləməsinə, maliyyə dayanıqlığının sarsılmasına, fiskal konsolidasiya və fiskal asılılıqla bağlı siyasətlərin əsaslarının zəifləməsinə, Orta Dəhlizdən gözlənilən potensial gəlirlərin itirilməsinə və Orta Dəhlizin sahibkarlıq subyektləri üçün yaratdığı imkanların azalmasına gətirib çıxara bilər. Bu və digər istiqamətlər üzrə ciddi risklərin və neqativ təsirlərin ortaya çıxması mümkündür”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər