Ermənistan mina xəritələrini Azərbaycana təhvil verməlidir
"Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır".
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında bildirilib.
"Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib. 2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub”, - deyə paylaşımda deyilir.
Bu təhlükəni aradan qaldırmaq üçün hansı siyasi addımlar atıla bilər? Ermənistanın məcbur edilməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olacaq?
Bu haqda politoloq İlyas Hüseynov informator.az-a açıqlama edib.
"Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Ermənistan işğaldan sonra ərazidə milyonlarla tank və piyada əleyhinə minalar basdırıb".
Politoloq bildirir ki, 2020-ci ilin payızında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan və qələbədən sonra təəssüflər olsun ki, bizim bir çox mülki vətəndaşlarımız və hərbi qulluqçularımız minaların qurbanına çevrilib.
"Mina terroru Azərbaycana böyük təhdid törədir. Ərazilərin minalardan təmizlənməsi işinə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunsa da, bizə beynəlxalq dəstək də tələb olunur"
İlyas Hüseynov deyir ki, bizə beynəlxalq donor təşkilatları, mina təmizlənməsi üzrə ixtisaslaşmış şəxslər və texnikanın maliyyə vəsaitinin Azərbaycana göstərilməsinə böyük ehtiyac duyulur.
"Azərbaycan dövləti öz gücü hesabına əraziləri minalardan təmizləyir, lakin bədbəxt hadisələr də baş verir. Ermənistanın Xarici İşlər Nazirliyi və rəsmiləri də son dövrlər həqiqi mina xəritələrinin olmasına dair müəyyən məlumatlar paylaşdılar. Xüsusilə, bu termitisiya komissiyasının iclasından əvvəl bildirildi. Böyük ümidlər var idi ki, termitisiya komissiyasının iclasında bu xəritələr Azərbaycana təqdim olunacaq. Lakin bu da baş vermədi və növbəti Ermənistan hiyləgərliyi də həyata keçdi".
Müsahib sonda qeyd edir ki, biz mina terroruna qarşı etiraz səsimizi beynəlxalq arenada nə qədər ucaltsaq da, bu etiraz səsinə cavab gəlmir, ikili standartlar, qərəzli münasibətlər özünü bu məsələdə də aydın göstərir.
"Ermənistan tərəfində həqiqi sxemlər, minalanmış ərazilərin xəritəsi varsa, onlar Azərbaycana təqdim edilməlidir. Buna dair beynəlxalq arenada Ermənistana təzyiq göstərilməlidir".
Gülay Qəribova
