Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar yola salınıb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, tranzit yollarının açılması sülhə və regional əməkdaşlığa xidmət edir:
"Ötən ilin oktyabrın 1-də cənab Prezidentin Astanaya səfəri zamanı Azərbaycanın Ermənistanın tranzit yüklərinə qoyduğu qadağanın aradan qaldırılması barədə bəyanatla çıxış edib və bundan sonra Qazaxıstan taxılı, Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana, Gürcüstan vasitəsilə isə digər istiqamətlərə satılması təmin olunub. Həmçinin Azərbaycan neft məhsullarının artıq Ermənistana ötürülməsi təmin edilib və bu da davamlı sülhün olması üçün ilk müjdədir, belə deyərdim. İlkin olaraq yollar açılır və bu da regionda yolların əhəmiyyətini artırır, dövlətlərarası münasibətlərə müsbət təsir göstərir. Eyni zamanda Azərbaycanın tranzit potensialını da artırır, yəni bölgədə Azərbaycan yollarının əhəmiyyətini yüksəldir. Burada taxıl məhsulunun daşınma dinamikasına nəzər salsaq, ötən ildən bu ilin ilk aylarınadək olan rəqəmlər artım dinamikasının müşahidə olunduğunu göstərir və növbəti taxıl yüklü qatar Azərbaycan üzərindən keçməklə Ermənistana yola salınıb. Ümumən, əgər Ermənistana gedən yüklərin gömrük prosedurlarına və digər məsələlərə baxsaq, hazırda Azərbaycan-Ermənistan arasında hər hansı diplomatik əlaqələr və dövlətlərarası müqavilələr yoxdur. Amma düşünürəm ki, irəliləyən illərdə sülh müqaviləsi imzalandıqdan sonra digər ölkələrlə mövcud olan əlaqələr kimi Ermənistanla da münasibətlər qurulacaq və birbaşa yolların açılmasına şahid olacağıq. Azərbaycan-Ermənistan sərhədi ölkə üçün bir neçə kommunikasiya əlaqəsini özündə birləşdirən ən uzun sərhədlərdən biridir və bu əlaqələrin günümüzdə hər bir yol baxımından müstəsna əhəmiyyəti var. Həm iki dövlət arasında, həm regional müstəvidə, həm də qitələri əlaqələndirmə baxımından, xüsusilə də bölgəmizin rəqabətli geosiyasi istiqamətində şimal və cənubda yerləşən sənaye potensialları nəticəsində şərq-qərb istiqamətində bu yolların əhəmiyyəti böyükdür. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi nöqteyi-nəzərindən və cənub-qərb marşrutu üzrə baxsaq, bu yollar hər tərəf üçün maraqlıdır. Nə qədər çox yolumuz və açıq marşrutlarımız olarsa, bir o qədər həm Azərbaycanın, həm də ümumilikdə Cənubi Qafqaz regionunun dünya xəritəsində əhəmiyyəti artacaq və bundan hər bir tərəf qazanacaq. Çünki bir yoldan asılı olmaq özlüyündə risklidir. İstənilən ssenaridə və hər hansı problem yaranarsa, plan B və digər alternativlərin olması davamlı və dayanıqlı marşrutun təmin olunmasına zəmin yaradır".
Arzu Poladova
