Estetik prosedurlar nə vaxt təhlükəli olur?
Son illər estetik prosedurlara maraq sürətlə artmaqdadır. Gözəllik və gənclik arzusu bir çox insanı müxtəlif kosmetik, tibbi müdaxilələrə yönəldir. Lakin bu prosedurlar hər zaman təhlükəsiz olmur. Sertifikatsız mütəxəssislər, uyğun olmayan məhsullar və tibbi göstərişlərə əməl edilməməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bəs estetik prosedurlar hansı hallarda risk yaradır və təhlükəni necə önləmək olar?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kosmetoloq Rəna Bayramova bildirib ki, estetik prosedurları düzgün şəraitdə və peşəkarlar icra etdikdə faydalı və təhlükəsiz ola bilər:
“Lakin bəzi hallarda real risk yaradır. Estetik müdaxilələr aşağıdakı hallarda riskli hesab olunur: steril olmayan şəraitdə aparıldıqda, keyfiyyətsiz və ya saxta preparatlardan istifadə edildikdə, orqanizmə uyğun olmayan prosedur seçildikdə, həddindən artıq və tez-tez prosedur etdirildikdə, xroniki xəstəliklər, allergiya və hamiləlik kimi hallar nəzərə alınmadıqda, eləcə də bərpa dövrünün qaydalarına əməl edilmədikdə infeksiya riski artır.
Sertifikatsız şəxslərin həyata keçirdikləri prosedurlar ən böyük təhlükə mənbələrindən biridir. Yanlış inyeksiya damar tutulmasına, toxuma və sinir zədələnməsinə, üzdə asimmetriyaya səbəb ola bilər. Doza səhvləri şişkinlik və deformasiyaya, steril qaydalara əməl edilməməsi isə infeksiya və irinləməyə gətirib çıxara bilər. Fəsad baş verdikdə tibbi müdaxilə imkanının olmaması da ciddi risk hesab olunur. Bəzi hallarda isə nəticələr geri dönməz ola bilər. Prosedurdan əvvəl tibbi müayinə mütləqdir. Bu, allergiya riskini öncədən müəyyən etməyə, hansı prosedurun uyğun olduğunu göstərməyə, əks göstərişləri (şəkərli diabet, qan laxtalanma problemləri və s.) aşkar etməyə, gözlənilən nəticəni real qiymətləndirməyə və fəsad riskini minimuma endirməyə kömək edir".
Banuçiçək Məmmədova
