00:00:00
Yazar
Admin User
19.12.2025 19:49 104 3 dəq oxuma
Sosial

Eyni şəhər, fərqli hisslər

Eyni şəhər, fərqli hisslər

Biz hər gün eyni küçələrdən keçirik, eyni avtobusda gedirik, eyni binaların kölgəsində yaşayırıq. Amma yaşadığımız şəhər hamımız üçün eyni duyğunu ifadə etmir. Bu reportajda müxtəlif yaş qruplarından olan insanlar üçün şəhərin nə demək olduğunu araşdırmağa çalışdıq. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, insanlar eyni şəhərdə yaşasalar da, bəzən regionlardan şəhərə köçən insanlar olur:

 

"Onlar üçün kənd şəraitində yaşamaq, təmiz hava, tıxac olmayan yollar daha rahat gəlir. Bəzən isə maddi imkanlar səbəbilə və ya məcburiyyət qarşısında qalaraq şəhərə köçürlər. Bu halda da şəhərə qarşı müəyyən narahatlıq və mənfi hisslər formalaşa bilər. Şəhərin narahat həyatı, insanların aqressiyası və stresli atmosferi bu insanlara təsir edir. Digər tərəfdən, elə insanlar da var ki, şəhərə daha çox bağlıdırlar- kökləri, ailələri buradadır və uzun illərdir burada yaşayırlar. Onlar şəhəri özlərinə doğma mühit kimi qəbul edirlər. Bəzi insanlar meqapolislərdə yaşamağı arzulayır daha çox səs-küy, insanlarla ünsiyyət və hərəkətli həyat onları cəlb edir. Amma elə insanlar da var ki, şəhərdə yaşasalar belə bu mühiti sevmirlər. Bu, əsasən insan xarakterindən asılıdır. İntrovert insanlar, yəni sakitliyi sevən, içə qapanıq şəxslər  daha çox təbiətə yaxın, sakit yerləri üstün tuturlar. Şəhərin gur həyatı onları yorur. Ekstravert insanlar isə sosial, ünsiyyətcil və hərəkətli olduqları üçün şəhər mühitinə daha uyğun gəlirlər. Nəticə etibarilə, insanların şəhərə münasibəti onların xarakter tipindən və şəraitindən asılı olaraq dəyişir".

 

 

Mövzu ilə bağlı orta yaşlı vətəndaşdanda sorğu götürdük. Saytımıza danışan Mustafayev Ramil bildirib ki, bu şəhər mənə həm rahatlıq verir, həm də yorğunluq:

 

"İş, nəqliyyat, səs-küy adamı yorur. Amma ailə, iş imkanı, hər şeyin əlçatan olması da rahatlıqdır. İllər keçdikcə şəhərə baxışım da dəyişib.Əvvəllər şəhəri fürsət kimi görürdüm, indi isə məsuliyyət yeri kimi baxıram. Daha sakitlik, daha az tələskənlik axtarıram".

Yaşlı sakin Səadət Quliyeva isə bildirib ki, gəncliyimdəki şəhərlə indiki şəhər arasında ən böyük fərq insanlardır:

 

"O vaxt şəhər daha sakit idi, insanlar bir-birini tanıyırdı. İndi isə hər şey sürətlidir. u şəhər mənə xatirə yaşadır. Amma o xatirələrin içində böyük bir həsrət də var, keçən zamana, olmayan insanlara" .

 

Mövzu ilə bağlı tələbəmizdən də sorğu götürdük. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 1-ci kurs tələbəsi Nuray Əlibəyova bildirib ki, şəhərdə insanlar həddindən artıq çox olduğu üçün təbii ki, təzyiq yaranır, amma, buna baxmayaraq şəhərin özünəməxsus imkanları var, çünki şəhər gəzmək, yeni yerlər tanımaq,yaxşı təhsil almaq üçün bizə şərait yaradır:

 

"Amma şəhərdə yaşayıb təzyiqsiz yaşamaq mümkün deyil, xüsüsilə, gənc yaşımızda. Mən tələbəyəm və birinci kursam .Özümü dərk edən vaxtdan bəri ali təhsil almaq üçün əlimdən gələni eləmişəm və hazırda Bakı şəhərində bunu yerinə yetirirəm.Yəni  belə deyim ki, şəhərdə yaşamaq mənim üçün təhsil həyatımda uğurlu addımlar atmaqdır. Gələcək planlarımı reallaşdırmaqdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər