00:00:00
Yazar
Elmira Ağayeva
13.08.2026 22:07 12 2 dəq oxuma
Siyasət

Fələstin seçkiləri: siyasi birlik və vahid administrasiya mümkün olacaqmı?

Fələstin seçkiləri: siyasi birlik və vahid administrasiya mümkün olacaqmı?

 

Fələstin məsələsi Yaxın Şərqdə uzun illərdir davam edən və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan əsas problemlərdən biridir. Fələstinlilər arasında siyasi birlik və həmrəylik regionda sülhün və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Fələstin məsələsi ilə bağlı açıqlamasında seçkilərin keçirilməsinin fələstinlilər arasında barışığın və siyasi birliyin təmin olunması üçün vacib olduğunu bildirib.

 


Mövzu ilə bağlı İnformator.az-a siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, seçkilərin keçirilməsi HƏMAS və FƏTH qruplaşmaları arasında ümumi razılığın əldə olunması üçün mühüm əhəmiyyət kəsb edir:

 

"Nəzərə alaq ki, 2006-cı ildə də bu seçkilər keçirilmişdi. Həmin seçkilər zamanı HƏMAS qalib gəlmişdi və İsmayıl Haniyənin başçılığı altında Fələstində bir hökumət qurulmuşdu. Daha sonradan Milli Barışıq Hökuməti quruldu. Sonra isə Fələstin prezidenti və FƏTH-in lideri Mahmud Abbas bu hökuməti istefaya göndərdi və nəticə etibarilə HƏMAS buna etiraz edərək Qəzza zolağında hakimiyyəti ələ keçirdi. Nəticədə Fələstin Muxtariyyəti iki hissəyə parçalandı - bir tərəfdə Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin administrasiyasının nəzarət etdiyi İordan çayının Qərb sahili, digər tərəfdə isə HƏMAS-ın idarə etdiyi Qəzza bölgəsi qaldı".

 


Əmrəliyev vurğulayıb ki, hazırda ümumi Fələstin ərazilərində seçkilərin keçirilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir:

 

"Qəzza bölgəsindən insanlar kütləvi şəkildə köçüb gedib, həmin insanların geri qaytarılması təmin olunmalıdır və yaxud da onların seçkilərdə iştirakı təmin edilməlidir. İordan çayının Qərb sahilinin əsas hissəsində isə İsrail polisi nəzarət edir. İnsanların seçkilərdə rahat şəkildə səs verməsi təmin olunmalıdır və normal seçkinin keçirilməsi üçün Beynəlxalq Birlik tərəfindən bu proses izlənilməlidir".

 

Siyasi şərhçi qeyd edib ki, seçkilərin necə keçiriləcəyi məsələsi hazırda aktualdır:

 

"İsrail və ABŞ HƏMAS-ın seçkilərdə aktiv şəkildə iştirakına mane ola bilərlər, çünki onlar HƏMAS-ın ləğv olunmasını və siyasi proseslərdən kənar tutulmasını istəyirlər. Nəzərə alaq ki, 2006-cı ildə keçirilən seçkilərdə HƏMAS qalib gəlmişdi. Bu dəfə vəziyyət necə olacaq, İsrail bununla barışacaqmı - bu kimi suallar hələ də açıq qalır. Onu da qeyd edim ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri Xalid Məşəldir və o, mühacirətdə yaşayır, İsrail və ABŞ tərəfindən isə arzuolunmaz şəxs qəbul edilir.

Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər Fələstin Muxtariyyəti ərazilərinin vahid administrasiyanın əlində cəmləşməsinə, təşkilatlar arasında birliyin mühafizəsinə və Fələstin Muxtariyyətinin vahid dövlət şəklində yenidən qurulmasına xidmət edir. Əslində, ən düzgün olan da budur, ancaq indiki qarışıq vəziyyətdə İsrail və ABŞ-nin buna dəstək verəcəyini güman etmirəm".


Mehriban Yariyeva

#Türkiyə #Fələstin #ABŞ #HƏMAS #İsrail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər