00:00:00
Yazar
Admin User
03.09.2025 16:45 160 9 dəq oxuma
Maraqlı

“FÜYUZAT”ÇI ƏHMƏD KAMAL

“FÜYUZAT”ÇI ƏHMƏD KAMAL

Abdulla Şaiqin “Azəri türklərinin milli haqlarının aynası” adlandırdığı “Füyuzat” doğrudan da çox qısa bir vaxtda mütərəqqi görüşlü ziyalıların mətbuat orqanına çevrildi. Bu mütərəqqi görüşlü ziyalıları başına toplayan Əli bəy Hüseynzadə türkçülük ideologiyasını siyasi cərəyan kimi ön plana çıxararaq Türkiyədən də bir çox yazarları jurnalına dəvət etdi. Belə yazarlardan biri də Əhməd Kamal idi.  

 

Əhməd Kamalın kimliyini “Füyuzat” oxucularına belə bəyan edirdi: “Əhməd Kamal bəy əsl İstanbullu olub darül-şəfiqə məktəbi-aliyyəsindən nəşət etdikdən sonra ibtida o məktəbdə ədəbiyyat müəllimi təyin olunmuş və bir tərəfdən də “Sabah” və “Sərvəti-fünun” qəzetlərində türk mətbuatına xidmətdə bulunmuşdur”.

 

Sonralar isə Osmanlı imperiyasına qarşı mübarizəyə qalxdığı üçün mühacir həyatı yaşamağa məcbur olmuşdur. Belə bir vaxtda Əli bəy Hüseynzadə onu Azərbaycana dəvət etmişdir. “Füyuzat”da da bu dəvəti özünə xas qələm həmrəyliyi və yüksək mədəniyyət nümayiş etdirərək məhz redaksiyanın ehtiyac duyduğuna görə türk müəllifin Bakıya dəvət olunduğunu xüsusi vurğulamışdı.

 

Lakin tədqiqatçı alim Vilayət Quliyevin fikrincə “...Bir neçə ay əvvəl sadəcə gündəlik ruzisini təmin etmək və küçədə qalmamaq arzusu ilə mətbəədə müsəhhih (korrektor – V.Q.) olmağı da məqbul sayan və “məcburi bir dəvət” ilə (M.Kayahan Özgül) Bakıya gələn Əhməd Kamal qısa zaman ərzində özünü islam mətbuatının ən tanınmış mötəbər simalarından biri kimi qələmə verməyə başlamışdı”.        

 

Bu haqda Əhməd Kamal məqalələrindən birində yazırdı: “Mən buraya izhari-kəmal və kəsbi-şöhrət üçün gəlmədim. Bəlkə iyirmi sənədən bəri mətbuati-islamda qazanmış olduğum şöhrətə etimad edərək məni buraya dəvət etdilər. Və Bakuyə müvasalatımı nəşr edən qəzetlər də bu surətlə yazdılar. Mətbuati-islamın ləmai-nisari-kəmalat olduğu heç bir üfqi-mərifət yoxdur ki, orada Əhməd Kamal ismi-naçizi məruf olmasın. Mətbuati-islam iyirmi sənə min türlü müşkülat içində və hər türlü əsbabi-səadətini fəda edərək kəndisinə xidmət etmiş bir mühərririni tanımayacaq dərəcədə qafil deyildir. Buraya vüsulumun əqəbində bütün Kafkasiyada müntəşir cəridələrin haqqı-acizanəmdə yazdıqları təqdirani-məsləkdaşanənin daha sətirləri qurumamışdır...”

      

Tədqiqat əsərlərindən belə bəlli olur ki, Əhməd Kamal Azərbaycana 1907-ci il mayın ortalarında gəlmiş və “Füyuzat”la əməkdaşlığı da cəmi beş ay çəkmişdir. Elə həmin il avqustun 10-da səfərə çıxan Əhməd Kamal “Bakıdan bir kaç gün təbdili-hava üçün Pyatiqorsk deyilən yerə gəldik”- yazsa da, Rusiya və Avropaya səyahəti bir aydan çox çəkmişdi. Səfəri zamanı Rostov, Varşava, Berlin, Paris, Sürix, Vyana, Sofiya, Kostansa, Odessa şəhərlərində olmuşdu. Sentyabrın 12-də Tiflis üzərindən geri dönmüşdü.Sonradan bu səfər haqqında “Füyuzat”ın 7 oktyabr 1907-ci il tarixli sayında “Avropada” (46 günlük bir səyahət) adlı məqaləsində ətraflı məlumat verir. Elmin, maarifin, mətbuatın inkişafından bəhs edən müəllif yazırdı ki: “Biz halə anlamıyoruz ki, bir millətin mətbuatı o millətin lisanı deməkdir. Mətbuatdan məhrum olan millətin lal bir adamdan fərqi yoxdur. Dilsiz bir adam amal və hüququnu ifadə və müdafiədən nasıl aciz isə mətbuatı olmayan bir millət də amal və hüququni təcavüzi-əğyardan öyləcə məsun bulunduramaz. Əvət!.. Mətbuat bir millətin lisanı, samiəsi, nəzəri, beyni deməkdir”.

        

Ə.Kamalın “Füyuzat”da ilk çıxışı 16 may 1907-ci il tarixli sayında çap olunan “Fəlsefeyi-pərişan” şeiri ilə başlayır. Onu da qeyd edək ki, Əhməd Kamal “Füyuzat”ın səhifələrində həm şair, həm də tənqidçi-publisist kimi çıxış etmişdi. Bəzi tədqiqatçıların fikrincə, Ə.Kamalın “şeirləri Osmanlı təcəddüd ədəbiyyatının çox da diqqətəlayiq sayılmayacaq  nümunələri idi və jurnalın poetik simasını formalaşdıran Məhəmməd Hadi yaradıcılığı ilə müqayisədə zəif görünürdü”. Lakin onun XX əsrin əvvəllərində milli poeziyaya gətirdiyi bir yeniliyi qeyd etmək mütləq lazımdır. Belə ki, “Füyuzat”ın 18-ci sayın da çap olunan “Gözəlim, açma maziyi” şeiri ilə Əhməd Kamal Şekspir poeziyasının təsiri ilə “türk şeirində sonetin ilk nümunəsini yaratmışdı”. 

        

Jurnalın həmin sayında (25 may 1907) Ə.Hüseynzadə Ə.Kamalın gəlişini “Yeni qələm yoldaşımız” adlı məlumatda çox şadyanalıqla bildirib.Buradan bəlli olur ki, Ə.Kamal Azərbaycana gələrkən Misirdə çap etdiyi “Doğru söz” adlı qəzetin sahibi və mühərriri olmuş, lakin “...bəzi-əsbabi xüsusiyyəyə məbna “Doğru söz”ü 14-cü nömrəsində tövqif ilə Misiri tərkə məcbur olmuşdur”. 

     

Yuxarıda qeyd etdik ki, Ə.Kamalın “Füyuzat”dakı fəaliyyəti cəmi beş ay çəkmişdi. Həmin müddət ərzində məcmuənin səhifələrində 5 şeiri və 13 məqalə və publisist yazısı nəşr olunmuşdu. Vilayət Quliyevin fikrincə, onların “Azərbaycan ədəbi fikrinə hər hansı ciddi təsir göstərməsindən danışmaq inandırıcı görünmür”.

        

Ə.Kamalın jurnaldakı ilk publisistik yazısı “Simurqun qanadları altında” adlanır. (“Füyuzat” 25 may 1907) Bu məqaləni oxuduqca hiss olunur ki, müəllif onu Əli bəy Hüseynzadənin 1906-cı il iyulun 7-də “Həyat” qəzetində çap etdirdiyi “Kuhi-Qaf və Simurq” məqaləsinin təsiri altında qələmə alınmışdı. Bunu çıxarışda verilən “Ədibi-nəcib Əli Hüseyn bəyin “Həyat” və ondan iqtibasən “Türk” qəzetələrində müntəşir “Qaf və Simurq” məqaleyi-lətifieyi-ədəbiyyələrinə təlmihdir” qeydindən də görmək mümkündür. Həmçinin bu məqalə Ə.Kamalın müəyyən mənada Azərbaycandakı fəaliyyəti baxımından proqram xarakteri daşıyır, onun “Füyuzat” vasitəsilə ilə görmək istədiyi işlərin anonsunu verirdi. Məqalə Əli bəyə müraciətlə yazılmışdı. Onun Simurqun dilindən deyilmiş “Gəlin! Qanadlarımın altına gəlin ki, həsrətkeş olduğunuz sabahi-ürfan və hürriyyət mənim qanadlarımın altından doğacaqdır!” – sözlərini misal gətirən müəllif özünün Bakıya gəlişi və “Füyuzat” ailəsinə qoşulması ilə bu çağırışa səs verdiyini diqqətə çatdırırdı: “Əsrlərdən bəri üşaqinə Qafi-xəyal üzərində həsrətkeşanə, məhrumanə fəryadlar etdirən Simurq bəni qanadının altına çağırıyordu. Bu dəvətə qarşı tərəddüd edə bilirmi idim? Simurq bənim aşinayi-vicdanım deyilmidir? Simurq bənim ümməthayi-əvvəlinimdən olmazmı? Simurqun qanadları bənim aba və əcdadımın aşiyani-nəşəti sayılmazmı?”

      

Müəllif “Bolqarıstan” (12 iyun 1907) adlı məqaləsində Bolqarıstanda yaşayan müsəlmanlarıntaleyindən bəhs edərək yazırdı: “Bolqariyadakı müsəlmanların yekdigərinə qarşı laqeydlikləri yüzündən hər sənə bir qaç müsəlman köyü əmlaklarını yox bahasına satub Türkiyəyə hicrət etməgə məcbur oluyor... Biçarə köylülər sırf cahilanə bir etiqadın, cahilanə bir təəssübün, haqsız bir tənəffürün qurbanı oluyorlar”. 

       

 “Misirin vəziyyəti-idariyyə və siyaiyyəsi” (23 iyun 1907) sərlövhəli məqaləsində Misirin iqtisadi, siyasi vəziyyətindən geniş şəkildə bəhs edən müəllif sonda yazırdı ki: “Gələcək nüsxələrimizin birində oradakı müsəlmanların və baxüsus türklərin əhvali-daxiliyyələri haqqında ayrıca məlumat verəcəgiz”. Ə.Kamal“Müxtəsər bir cavab” (2 iyul 1907) sərlövhəli məqaləsində əslən Şuşalı olan yazar Tahir Musayevin ədəbi dilə birtərəfli yanaşma tərzindən geniş şəkildə söhbət açırdı.  

       

“İsbati-iştibah” (26 iyul 1907), “Avropalılarla anlaşalım?” (7 avqust 1907), “Qaranlıqlarda” (19 oktyabr 1907), “İsbati-iştibah” (1 noyabr 1907) böyük həcmli, müxtəlif məzmunlu məqalələri bu gün də oxunaqlı və maraqlıdır. Uzun illər keçməsinə baxmayaraq onun “Avropalılarla anlaşalım” məqaləsi indi də öz aktuallığını itirməyib və bu gün də hər birimizin yaşadığı hisslərin həqiqi təsvirini orada tapa bilirik. Xalqımızın həyatının qərblilər tərəfindən yalnız ekzotik bir görüntü kimi təsvir edilməsi? Buyurun. Əhməd Kamal türk cəmiyyətinin bilicisi sayılan, indi adına İstanbulda küçə, otel və qəhvəxana qoyulan fransız yazıçısı Pyer Lotinin (1850-1923) “Aziada” romanını incələyir və patriarxal İstanbul mühitində türk qızı ilə fransız zabitinin eşq macərası haqqında yazılanların reallıqdan çox uzaq olduğunu göstərir.

      

Tədqiqatçı alim V.Quliyev demiş: “Avropa ensiklopediyalarında, soraq kitabçalarında, digər mənbələrdə tariximizin təhrif edilməsi, görkəmli şəxsiyyətlərimizin yada salınmaması? Buyurun. Fransanın “Böyük Laross” ensiklopediyasının yeni nəşrini görən müəllif adəti üzrə dərhal orada Osmanlı məşhurlarını, adları əsrlər boyu Avropanı qorxu altında saxlayan türk sərkərdələrini axtarır. Bəzən heç nə tapmır, bəzən isə ala-yarımçıq, təhrif olunmuş materiallarla üzləşir. Eynən bizim günlərdə olduğu kimi...”.

      

 “Canım! İstanbuldan Avropanın ən uzaq yerinə qırx səkkiz saatdır. Bu adamlar nə üçün bizi anlamaq istəmiyorlar? Nə üçün təfərrüati-siyasiyyələrə şu qədər vaqif olurlar da, xüsusati-ictimaiyyəmizi ehmal ediyorlar? Böyləcə, bizi aləmə məsxərə eliyorlar...” – düşüncəsini ortaya qoyan Əhməd Kamal həyəcanlı sualına özü cavab verirdi: “Biz bağıra-çığıra bu həriflərin aralarına, onların qaibeyi-ictimaiyyələri içinə hər nə surətlə olursa olsun, girməyə çalışmalıyız. Bizi aləmə istədikləri kimi tanıtmamaları üçün daima gözlərinin önündə olmalıyıq. Yoxsa şəxsiyyəti-ictimaimiz daim yanlış tanıdılacaqdır!”,-deyə Ə.Kamal yalnız bir publisist kimi, yox həm də bir vətəndaş kimi öz mövqeyini bildirirdi.

       

Müəllif “İsbati-iştibah” məqaləsi ilə “Füyuzat”ın son sayında Əli bəy kimi vida sözü ilə çıxış etməyi lüzum görmüşdü. Ə.Kamalın “İsbati-iştibah” adlanan məqaləsi baş redaktorun yazısı qədər ardıcıl, sistemli, hədəfə vuran olmasa da, müəllifin səmimiyyətindən, tapındığı ideyalar uğrunda sona qədər mübarizə əzmindən xəbər verirdi. “İştə sözümüz burada bitdi, “Füyuzat” da bu nömrədə bağlandı- deyə Əhməd Kamal yazırdı: “Amma bizim dilimiz bağlanmadı, bağlanmaz və bağlanmayacaqdır. Özü-sözü düzgün bir qəzetə intişar edincəyə qədər ixtiyari-sükuta məcbur olduğumuzu və “Füyuzat” məsləkində bir qəzetə, yəni mənafeyi-insaniyyə və milliyeyi-tərəqqi və hüriyyəti-kamilə və müsavati-şamilə dairəsində ərz və müdafieyi-əqdəm və əqdəsi-şərait ittixaz etmiş bir qəzetə intişar etdiyi təqdirdə hətta məccanən xidmətə hazır olduğumuzu ərz edəriz”.

     

“Füyuzat” bağlandıqdan sonra Əhməd Kamal 1908-ci ilin sonunda İstanbula dönmüşdü. Dostlarının yardımı ilə artıq Tələt Paşa kimi tanınan gələcək Triumvirat üzvü Tələt bəylə görüşmüş və yenidən onların təklifi ilə Əhməd Kamal Azərbaycana qayıdaraq Balaxanı məktəbindəki işini davam etdirməklə yanaşı, Bakının mətbuat həyatında da fəal çalışmışdır. 1910-1911-ci illərdə “Günəş” qəzetinin baş redaktoru olmuş və eyni illərdə o, həm də “Füyuzat” ənənələrini davam etdirən həftəlik ədəbi-bədii və ictimai-siyasi illüstrasiyalı məcmuənin – “Yeni füyuzat”ın baş redaktoru idi. 

     

Bildiyimiz kimi, 1905-ci il hadisələri çar hökumətini islahatlar aparmağa məcbur etmişdir. Və nəticədə hökumət 1905-ci ilin oktyabrının 17-də manifest imzalamağa məcbur olmuşdur. Bu manifestdən yararlanaraq ziyalılarımız ana dilli mətbuatın inkişafına nail olmuşdular. Beləliklə, ölkədə anadilli mətbuatın inkişafı milli oyanışa səbəb olmuşdur ki, bu da çar hökumətini çox narahat etmişdir. Ona görə də ölkədə mətbuatın üzərinə yenidən amansız senzura qaydalarını tətbiq etməyə başlamışdılar. 1911-ci il martın 19-da Bakı polisi tərəfindən qəzet redaktorları arasında aparılan həbslərnəticəsində ölkənin bir çox tanınmış jurnalistləri, publisistləri həbs edildi ki, onların arasında Ə.Kamal da var idi. 

        

“Bir gecə teatrdan dönmüş və hənuz yatmışdım, – deyə Əhməd Kamal aradan 40 il keçəndən sonra həyatını dəyişən həbsin tarixçəsini xatırlayaraq yazırdı: “...Qap çalındı. Açdım. On polislə dairəm basılmışdı. Dərhal Bakıdan xeyli uzaq olan Bayıl həbsxanasına götürüldüm və içəri atıldım. Məndən əvvəl bütün qəzetəçi arkadaşlarımı da toplamışlar”.

        

Polis basqını nəticəsində “Yeni füyuzat”, “Şəhabi-saqub”, “Səda” və “Yeni həqiqət” kimi nəşrlərin fəaliyyəti dayandırılmış, onların naşir və redaktorlarından Əhməd Kamal, Əli Paşa Hüseynzadə (Səbur), Haşım bəy Vəzirov, Əlabbas Müznib, Məhəmməd Sadıq, Cəfər Bünyadzadə və b. həbsə alınmışdılar. 

        

Mövcud faktların və tarixlərin müqayisəsindən aydın olur ki, Əhməd Kamal  iyunun sonlarında Bayıl həbsxanasından Tiflisə aparılmışdı. Təxminən iyulun ortalarına qədər burada saxlandıqdan sonra Batumidə Trabzon valisi, Atatürk hökumətinin gələcək xarici işlər naziri Bəkir Sami bəyə təhvil verilmişdi. Azadlığa qovuşmasında köhnə dostu, Məclisi-Məbusan üzvü İsmayıl Haqqı Paşanın rolu olmuşdu.

       

Sovetlər dövründə digər füyuzatıçlar kimi Ə.Kamalın da fəaliyyəti düzgün qiymətləndirilməmiş, hətta təhqirlərə məruz qalaraq “əyyaş”lıqda günahlandırmışlar. Bundan başqa onun M.Ə.Sabirlə qalmaqallı bir həyat yaşadıqlarını da söyləyənlər olmuşdu. Bu haqda doğru məlumatları ədəbiyyatşünas alim professor Alxan Bayramoğlunun “Sabir müasirlərinin gözü ilə” adlı məqaləsində vermişdi. Müəllif bildirir ki, əslində Ə.Kamalla M.Ə.Sabir yaxın dost və iş yoldaşı olmuşdular. Hər ikisi Balaxanıdakı “Sadət” məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşlar və “Həqiqət”, “Günəş”, “Yeni həqiqət” qəzetlərində birgə işləmişlər. M.Ə.Sabirin yaradıcılığına və şəxsiyyətinə hörmətlə yanaşan Ə.Kamal onun maddi problemlərinin də həll edilməsində qayğı göstərmişdi. (Ə.Kamal Balaxanıda “Sadət” məktəbində müdir işləyərkən M.Ə.Sabiri bu niyyətlə oraya işləməyə dəvət etmişdir). Azərbaycan da dövrü mətbuatda bir publisist və naşir kimi tanınan Ə.Kamal füyuzatçılıq ideologiyasını davam etdirən “Yeni Füyuzat” jurnalına rəhbərlik etmiş və bu zamanSabir  burada çap olunmuşdur. 

      

Füyuzatçı ədəbi məktəbin tədqiqatçısı olan professor Şamil Vəliyevin təbirincə desək: “Azərbaycan elmi-mədəni və ədəbi-bədii fikrinin inkişafında təkanverici xidmətləri olan Əhməd Kamal” amalları həm bir jurnalist, həm də bir pedaqoq kimi bugünki gəncliyə aşılanmalıdır.

                  

   “Füyuzat” jurnalı, N-6 2014

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər