“Füyuzat” və füyuzatçılar tədqiqatlarda
Azərbaycan dilli mətbuatımızda jurnal nəşrinin tarixi XIX əsrin sonu “Kəşkül”lə (1883-1891) başlasa da, tədqiqi tarixi isə XX əsrin əvvəllərinə təsədüf edir. Ölkəmizdə sovet dövründə qismən obyektiv tədqiqata cəlb edilən “Kəşkül” və “Molla Nəsrəddin” jurnalları, haqsız tənqidə, hətta təhqirə məruz qalan isə “Füyuzat” jurnalı olub. Həmin jurnalların fəaliyyəti, yazarları haqqında məqalələr, dissertasiyalar, monoqrafiyalar yazılıb, fikirlər, mülahizələr söylənilib.
Sovet dönəmində aparılmış bu birtərəfli araşdırmalardan fərqli olaraq, son 20-25 ilin demokratik ab-havasında yazılmış əsərlərdə vaxtilə tədqiqatçılarımızın “dini ehkamçı”, “burjua mühərriri”, “mürtəce millətçi”, “burjua yazarı” kimi ifadələrlə gözdən salınan, qarayaxmalara məruz qalan füyuzat ədəbi məktəbinin nümayəndələrinin həyatı, mətbu fəaliyyəti, yaradıcılığı olduğu kimi obyektiv şəkildə tədqiqata cəlb edilərək, elmi ictimaiyyətin ixtiyarına verilir.
Ümumiyyətlə 1980-1990-cı illərdən başlayaraq Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərə sahib olmaq, onları daha da zənginləşdirmək mühüm işlərdən birinə çevrildi. Təbii milli-mənəvi dəyərlər üzərində inkişaf etməyən, onun müsbət ənənələrinə dərindən yiyələnməyən hər hansı iş, əməl fəaliyyət sahəsi ciddi uğur qazana bilməz.
Yenidən (1991) müstəqilliyimizin ilk illərindən layiqli bir varis olaraq bu sahədə xeyli işlər görülüb. Türkçülük-turançlıq ideologiyasını təbliğ edən “Füyuzat” jurnalının tam mətni (32 sayı) mətbuatşünas alim Ofeliya Bayramlı tərəfindən transliterasiya edilərək, ön söz yazılaraq 2006-cı ildə öz vəsaiti hesabına işıq üzü gördü. “Füyuzat”ın transliterasiyası “milli istiqlal tariximizin qorunması deməkdir” söyləyən tədqiqatçı xanımın bu xeyirxah işi yalnız Azərbaycan xalqına yox, bütün türk dünyasına ən qiymətli töhfəsidir.
Bununla yanaşı “Yeni Füyuzat“ (1910-1911) jurnalının da bütün sayları ilk dəfə transliterasiya edilərək 2010-cu ildə çap edildi. Bu xeyirxah işi həyata kecirən tədqiqatçı alim Hüseyn Həşimli 2014-cü ildə “Şeypur“ (1918-1919) jurnalının da bütün saylarını transliterasiya edərək kitab şəklində çap etdirdi.
Təbii bunlar mətbuat tariximizlə yanaşı Azərbaycanın ictimai fikir tarixini öyrənmək baxımından da faydalıdır. Çünki, sovet dövründə bütün sahələrdə olduğu kimi Azərbaycan mətbu irsinin tarixinə də həsr edilən əsərlər „sovet cəmiyyətinin 70 illik tarixi təcrübəsini özündə əks etdirən hərtərəfli və konyunkturadan kənar bir əsərə malik deyildi“. Bunu mərkəzi mətbuat özü də dönə-dönə qeyd edir. Bu haqda Rusiyanın nüfuzlu mətbu orqanlarından biri olan “Nezavisimaya qazeta“ yazırdı: “Son 70 ildə ölkənin tarixi ən azı 6-7 dəfə yenidən nəzərdən keçirilib yazılıb və hər dəfə də yuxarıların göstərdikləri istiqamətdə saxtalaşdırılıb“.
Ona görə də müstəqilliyimizin ilk illərindən (1991) tədqiqatçı alimlərimiz tarixi-elmi baxımdan günün və zamanın aktual problemlərinə obyektiv yanaşaraq, son illərə qədər aşkarlanmamış, təhrif olunmuş faktları, saxtalaşdırılmış hadisələri, mətbuat nümunələrini, mətbuatla bağlı şəxsiyyətləri (xüsusən də romantik ədəbi məktəbin nümayəndələrinin həyat və yaradıcılığını) yenidən tədqiqata cəlb etdilər. Bu zaman aydın oldu ki, obyektiv tədqiqatdan kənarda qalan bu mənbələrdə təkcə öz dövrü üçün deyil, bu günümüz, gələcəyimiz üçün də lazımlı, dəyərli fikir xəzinəsi hifz edilməkdədir. Xüsusən də müstəqilliyimizin əldə edilməsi və qoruyub saxlanması ilə bağlı nüyanslar. Unutmayaq ki, “Milli müstəqilliyin əbədiliyinin təminatçısına çevrilən əsas şərt milli müstəqillik düşüncəsinin formalaşmasıdır” ki, bunu füyuzatçılar dönə-dönə qeyd edirdilər.
Deməli “hər bir xalqın tarixi həm də milli-mənəvi ənənələrin tarixidir, nəsillər arasındakı varisliyin tarixidir. Bu baxımdan xalqın tarixini incəliklə ortaya qoymaq üçün ayrı-ayrı nəsillərin keçmişini öyrənmək də ən mühüm amillərdən biridir”. Bu gün Azərbaycan çağdaş mətbuatı bütövlükdə varislik ənənəsi etibarilə “Əkinçi” qəzetinin, H.Zərdabi irsinin davamçılarıdır və məfkurə bünövrəsi kimi yenə də onun bizə ötürdüyü ənənələrə söykənirik. Çünki, “varislik düşüncə təəssübkeşliyi, ənənələri yaşatmaq və ona sadiqlik, ruh, qan yaddaşı etibarilə həm xislət, həm də məfkurə daşıyıcısı olmaqdır”.
Burada əsas amil müasir ümummilli düşüncə, ideoloji təfəkkür baxımından, xüsusən “azərbaycançılıq məfkurəsinin təşəkkülü və inkişafının əks etdirilməsidir. Bu həm faydalı, həm vacibdir”. Mətbuat tarixinin yenidən işlənməsi, bir çox qaranlıq mətləblərə müstəqillik işığında aydınlıq gətirilməsi, tədqiqatlarda varislik əlaqələrinə əsaslanılması, faktlara, hadisələrə, şəxsiyyətlərə azərbaycançılıq ideyasının prinsipləri əsasında qiymət verilməsi, onların həyatının, irsinin obyektiv şəkildə araşdırılması və oxucuya təqdim edilməsi ehtiyacı duyulur.
Bu gün yeni cəmiyyət quruculuğu ilə bağlı dövlətimizin qarşısında siyasi, sosial, iqtisadi, mədəni məsələlərin həlli kimi mühüm məsələlər durur. Bu məsələlərin həllində milli özünüdərk və milli özünəqayıdışın formalaşması milli-mənəvi dəyərlərin bərpasıdır ki, bunu füyuzatçılar dönə-dönə təbliğ edirdilər. Uzun illər əks tədqiqata cəlb edilən “Füyuzat”çıların və “Molla Nəsrəddin”çilərin münasibətini obyektiv araşdırarkən bəlli olur ki, “Azərbaycançılıq ideyalarının ən böyük atributu sayılan dövlətçiliyə münasibətdə “Molla Nəsrəddin” və “Füyuzat” arasında nə qədər fikir ayrılığı olsa da, son nəticədə hər iki dərgi Azərbaycan naminə dövlət prinsiplərini rəhbər tutub. “Molla Nəsrəddin” vahid Azərbaycan, “Füyuzat” isə Turan dünyasında Azərbaycan ideyasını müdafiə etmişdir”.
Sovet tədqiqatlarında daima düşmən münasibətdə təqdim edilən füyuzatçılar və mollanəsrəddinçilər „xüsusən də “Molla Nəsrəddin” və “Füyuzat”, hətta CəlilMəmmədquluzadə və Əli bəy Hüseynzadə süni şəkildə bir-birinə qarşı qoyulmuş, əks cəbhələri təşkil edən ədəbi qüvvələr kimi təqdim edilmişdi”. Doğrudur, mollanəsrəddinçilərlə füyuzatçıların arasında müəyyən fikir ayrılığının olmasını inkar etmək düz olmazdı. Amma onların sovet tədqiqatlarındakı “düşmənçilik” fikri ilə də razılaşmaq düz deyil. „Çünki, “Molla Nəsrəddin”in və “Füyuzat”ın məramı arasında müəyyən fərqlər olsa da, uçurum yoxdur, ümumi prinsiplər daha çoxdur”.
XX əsrin əvvəllərində təkcə mətbuatımızın deyil, həm də ədəbiyyatımızın, ədəbi mühitimizin korifeyləri M.Cəlil və Ə.Hüseynzadə yaradıcılığı, şəxsiyyəti haqqında hörmətlə, böyük sevgilə yazarkən bu nüyaslarla qarşılaşmalı olursan.
Bu gün zaman, məkan bir daha sübut etdi ki, „Füyuzat“ ədəbi məktəbinin bünövrəsini qoyan Ə.Hüseynzadənin irsi yalnız tarixi deyil, həm də müasirdir. Odur ki, bu gün gənclərimiz “Füyuzat”ı öyrənməklə “xalqın milli istiqlalı uğrunda mübarizə tarixini, azadlıq, həqiqət yolunu” öyrənmiş olurlar. Onda ey gənçlik tələs milli istiqlalın uğrunda aparılan mübarizə tarixini öyrənməyə!
BDU-nun professoru Qərənfil Dünyaminqızı
