“Fermerlər üçün informasiya bankının yaradılması çox vacibdir”-ŞƏRH
Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycanda aqrar informasiya-məsləhət sistemi yaradılacaq.Proqram çərçivəsində fermerlərin məlumatlandırılması, aqroekoloji məlumatların paylaşılması və bölgələr üzrə məhsul ixtisaslaşmasının genişləndirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, yeni sistem kənd təsərrüfatında daha sistemli idarəetməyə imkan yaradacaq:
“Prezident kənd təsərrüfatının inkişafı, istehsal imkanlarının genişləndirilməsi və idxalın azaldılması istiqamətində konkret tapşırıqlar verib.2026–2030-cu illəri əhatə edən proqram da göstərir ki, aqrar sektorun inkişafı ilə bağlı sistemli yanaşma formalaşdırılır. Aqrar informasiya-məsləhət sisteminin yaradılması fermerlər üçün vahid informasiya bankının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Vüqar Bayramov vurğulayıb ki, fermerlərin düzgün məlumatlandırılması istehsal balansının qorunmasına kömək edəcək:
“Fermerlərin hansı məhsulun daha çox tələb olunduğu, hansı məhsulun hansı bölgədə daha səmərəli yetişdirilə biləcəyi ilə bağlı məlumatlara ehtiyacı var. Bəzi hallarda eyni məhsulun həddindən artıq istehsalı satış problemləri yaradır, bəzi məhsulların az istehsalı isə qiymət artımına səbəb olur. Yeni sistem bu balansın qorunmasına və optimal məhsul istehsalına imkan verəcək.Aqroekoloji məlumatların paylaşılması torpaq resurslarından daha səmərəli istifadəyə şərait yaradacaq.Torpağın növü, şoranlaşma səviyyəsi və monitorinq nəticələrinin fermerlərə aydın formada təqdim olunması çox vacibdir. Bu məlumatlar torpağa uyğun məhsul seçiminə, məhsuldarlığın artırılmasına və ekoloji baxımdan daha keyfiyyətli məhsul istehsalına imkan yaradacaq. Eyni zamanda bu yanaşma kənd təsərrüfatında fəaliyyət göstərən fermerlər üçün yeni imkanlar formalaşdıracaq”.
Ayşə Müzəfərli