00:00:00
Yazar
Admin User
06.02.2026 16:46 62 3 dəq oxuma
Sosial

Filtr suyunun orqanizmə təsiri

Filtr suyunun orqanizmə təsiri

 

Son illər evlərdə filtr suyundan istifadə geniş yayılıb. İnsanlar kran suyuna alternativ olaraq filtrdən keçmiş suyu daha təhlükəsiz və sağlam hesab edirlər. Lakin filtr suyunun tərkibi, düzgün istifadə qaydaları və uzunmüddətli təsiri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Filtrlər suyun keyfiyyətini yaxşılaşdırır, yoxsa yanlış istifadə olunduqda yeni risklər yaradır?

 

Mövzu ilə bağlı "İnformator.az" vətəndaşların və  Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin münasibətini öyrənib.

 

Filtrlənmiş suyun dadını bəyənən Ətirə İbayeva qeyd edib ki, onun həm zərəri, həm də xeyiri var:

 

"Xlorlu su bəzilərinin xoşuna gəlsə də, mən sevmirəm. Buna görə də, filtrlənən su mənim üçün ən rahatıdır. Ancaq hər şeyin ziyanı olduğu kimi filtr sularının da zərəri olmamış olmaz. Onun içərisində də bakteriya, zərərli maddələr ola bilər. Düzgün istifadə edildikdə isə, kran suyunu qabaqlayır".

 

4 ildir filtr suyundan istifadə edən Yusif Rüstəmov isə bunu həyatının ayrılmaz hissəsi kimi görür:

 

"Filtrlənmiş sudan çox razıyam. İstifadəçisi olduğum andan bəri onun sağlamlığa nə qədər xeyrinin olduğunu da öyrənmişəm. Daim məşq edən və idmanla məşğul olan biri kimi də suyun təmiz, qoxusuz və dadlı olması mənim üçün önəmlidir".

 

Çimnaz Həmzəliyeva isə insan orqanizmi üçün suyun nə qədər önəmli olduğunu qeyd edib:


"İnsan bədəninin böyük hissəsini su təşkil edir. Bu səbəbdən ailəmizdə təmiz su almağa diqqət edirik. İçdiyimiz suyun həyatımıza böyük təsiri olur. Buna görə də, hər kəs diqqətli olmalıdır".

 

Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, filtr suları indi populyardır:

 

"Kütləvi şəkildə əhali istifadə edir və elə bilirlər ki, bununla problemi həll edəcəklər. Məsələ bundadır ki, filtr sularında həll olunan maddələr var ki, buna kalsium, karbonat, maqnezium aiddir. Su əgər Böyük Qafqazdan, Oğuz-Qəbələdəndirsə, burada kalsium-karbonatlar çoxluq təşkil edir. Bu istifadədə çaydana yığılır, el arasında "ərp" dediyimiz əslində budur. Bunlar oradakı süxurlardan asılıdır. Bu süxurlar kalsium karbonatlıdırsa, təxminən 200 milyon il öncə əmələ gələn süxurlardır. Onlar okeanın altından çıxıb, canlıların qalıqları hesab olunur. Suda neytrallıq düz olarsa, adi paltarları yuyarkən belə az yuyucu vasitə işlənər. Çünki paltarlar yaxşı yuyulur, həmçinin insanın gözünə təsiri olmur. Gözü göynətmir, bu neytrallığı göstərir. Filtr su saydıqlarımı çox da dəyişmir. Sadəcə uzun müddət dəmir borularda qalan, motorlardan keçən suların qaraltısı götürür, bəzi hissələri çıxarır. O da qaynayanda çökür".

 

Müsahibin sözlərinə görə, filtr, onilliklər, yüzilliklər ərzindəki gübrə, pestisid, herbisidlərdən zəhərlənmiş Kür suyunu təmizləyə bilməz:

 

"Filtr yalnız asılqan şeyləri təmizləyir. Misal üçün: qum, çirk və s. Saydığın birləşmələri təmizləmədiyindən qorxulu sayılır. Hətta onu ayırmaq üçün çox böyük Nobel mükafatı lazımdır. İndi deyirsiniz ki, bunlar profillər və dəyişikliklərdə gigiyenik, ekoloji baxımdan tullantıları, asılqanları, xırda hissəcikləri təmizləyərək təhlükəsizliyi təmin edə bilər. Bu isə 100/100 təmizlik deyil. Misal üçün: mən, Kiçik Qafqazın, işğaldan azad olunmuş zonaların sularını Bakıya gətirməyin tərəfdarıyam. Bu istifadə üçün ən gözəl su olar. Çünki onlar volkanik süxurlardan süzülən sulardır. Olduqca gözəl minerallarla zəngindirlər, volkanik süxurlarda müxtəlif maddələr olur, onlar suda həll olur. Həmin suların mənbəyi olan süxurlarda insanı vacib olan mikroelementlər var. İçdikcə insanın qanı, orqanizmi sanki təmizlənir. Su sanitar-gigiyenik normalara uyğun olmalıdır. Filtr sularının istifadəsi təbiətə və su ehtiyatlarımıza təsir etmir. Buna görə istifadəyə əslində tam uyğundur".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər