Fond pulu mübahisəsi
Məktəblərdə toplanan fond pulu məsələsi illərdir valideyn və şagirdlər arasında mübahisə yaradır. Bəziləri bunun məktəbin gündəlik ehtiyaclarını qarşılamaq üçün vacib olduğunu deyir, bəziləri isə ödənişin könüllü yox, məcburi şəkildə tələb olunmasından narahatdır.
Mövzu ilə bağlı “İnformator.az”saytı olaraq təhsil ekspertlərinin, valideynin və şagirdin fikirlərini öyrəndik.
226 nömrəli tam orta məktəbin şagirdi fond pulunun yığılmasından şikayətlənib:
“Açığı, bizi ən çox narahat edən şey odur ki, fond pulu hər dəfə yığılır, amma nəyə xərcləndiyini tam bilmirik. Deyirlər ki, məktəbin ehtiyaclarına gedir, amma o ehtiyacların nə olduğunu bizə izah edən yoxdur”.
Valideynlər də bu vəziyyətdən narazıdırlar. Hər ay fond pulu verməyin çətin olduğunu bildirən Aynur Kazımova da hər ailənin maddi durumunun eyni olmadığını bildirib:
“Biz öz gözümüzlə görürük ki, bəzən uşaqlar utanır, çünki valideyni həmin pulun hamısını verə bilmir. Bu təzyiq düzgün deyil”.
Təhsil eksperti Cahid İmanlı bildirib ki, qanunla məktəb üçün şagird və valideynlərdən heç bir əlavə vəsait yığmaq olmaz:
“Amma təəssüf ki, məktəblərə ayrılan vəsait bəzən gündəlik ehtiyacları və təmir işlərini tam qarşılamır. Bu səbəbdən məktəblər əlavə maliyyə toplamaq məcburiyyətində qalır. Əsas məsələ budur ki, hər şey şəffaf şəkildə həyata keçirilsin. Valideynlər və şagirdlər toplanan pulun haraya xərcləndiyini bilməlidirlər. Əks halda, pul verməyə gücü çatmayanlar psixoloji təzyiq hiss edə bilərlər və məktəbdə narazılıq arta bilər. Fondun məqsədi və istifadə qaydaları açıq olarsa, bu həm məktəb üçün faydalı olar, həm də şagird və valideynlərin etimadı qorunmuş olar”.
Təhsil eksperti Məzahir Məmmədli isə hər şeyin sistemli və şəffaf şəkildə təşkil edilməli olduğunu vurğulayıb:
“Əgər fond pulunun toplanması tam könüllü olarsa, problem yaranmaz. Amma bəzi hallarda valideynlər və şagirdlər pul vermədikdə əlavə təzyiq hiss edirlər. Dünyanın hər yerində insanlar məktəblərə yardımlar edir, amma bizdə bu proses kifayət qədər açıq aparılmır. Əgər məktəb və təhsil idarələri yığımı izləyib, toplanan vəsaitin necə xərcləndiyini açıqlayarsa, hər kəs könüllü şəkildə iştirak edə bilər. Nəticədə məktəb ehtiyaclarını qarşılayar, şagirdlər isə həm təhsil, həm də psixoloji baxımdan rahat olar. Hazırda isə bəzi şagirdlər əlavə təzyiq hiss etdiklərini bildirirlər ki, bu da məktəbdə münasibətlərə mənfi təsir göstərir”.
Ayşə Müzəfərli
