Fransa-Oman razılaşmasının pərdəarxası - ŞƏRH
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində əməkdaşlıq barədə razılığa gəliblər.Bu barədə Fransa Prezidenti Emanuel Makron "X" hesabında məlumat yayıb.O, Oman Sultanı Heytəm bin Tariq Al Səidlə görüşdə belə razılığıa gəldiklərini açıqlayıb.Qeyd olunub ki, Fransa ilə Oman Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün birgə səy göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov “İnformator.az”a açıqlamasında Fransanın Omanla apardığı danışıqları Fransanın Avropa İttifaqındakı aparıcı rolunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirir:
“Avropa ölkələrinin, xüsusilə də Fransanın Hörmüz boğazı ilə bağlı həssaslığı bəllidir. Hörmüz boğazı Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır və qitənin enerji ehtiyaclarının mühüm hissəsi məhz bu marşrut vasitəsilə təmin edilir.Bu səbəbdən, Avropa Hörmüz boğazında baş verən hadisələrə ABŞ ilə müqayisədə daha həssas yanaşır. Çünki ABŞ, ümumiyyətlə, bu boğaz vasitəsilə reallaşan enerji idxalından demək olar ki, asılı deyil”.
Siyasi şərhçi qeyd edib ki, Fransadan başqa, Avropanın digər aparıcı dövlətləri də bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış ediblər:
“Fransadan başqa, Avropanın digər aparıcı dövlətləri də bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış ediblər. Almaniya, Böyük Britaniya və İtaliyanın bu prosesdə aktiv rol almaq niyyəti hər kəsə məlumdur. Oman öz növbəsində Hörmüz boğazının gəmilərin keçidi üçün açılmasını, oradan əvvəlki rejimdə gəmilərin keçməsinin tərəfdarıdır və yeni tariflərin tətbiqini istəmir.Fransanın prosesə cəlb olunması, əslində, ABŞ-nin maraqlarına uyğundur. Çünki ABŞ Hörmüz boğazında yaranan vəziyyətdə müəyyən dərəcədə maraqlıdır. Məqsəd odur ki, digər dövlətlər, xüsusilə də aparıcı Avropa ölkələri bu istiqamətdə İrana təzyiq göstərərək onu öz mövqeyindən geri çəkilməyə məcbur etsinlər”.
Ekspert vurğulayıb ki, burada əsas məqsəd aparıcı Avropa ölkələrinin bu istiqamətdə İrana təzyiq göstərərək onu öz mövqeyindən geri çəkilməyə məcbur etməsidir:
“Yaranan kritik vəziyyətdən digər ölkələrin İrana qarşı təzyiqləri artırması üçün bir vasitə kimi istifadə olunacaq. Məsələn, Fransanın və Avropanın digər aparıcı dövlətlərinin bu prosesdə aktiv rol alması İrana yönələn təzyiq mexanizminin tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
Zəri Bayramlı