00:00:00
Yazar
Banuçiçək Məmmədova
22.05.2026 20:53 29 3 dəq oxuma
Siyasət

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Fransa Prezidenti Emmanuel Macron Azərbaycan Prezidenti Ilham Aliyev ilə telefon danışığı aparıb. Danışıq zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər müzakirə olunub, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq gündəmdə yer alan aktual məsələlər və əməkdaşlıq perspektivlərinə dair mövqelərini bölüşüblər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, təəssüf ki, Azərbaycan-Fransa münasibətləri bu gün tarixinin bəlkə də ən gərgin dövrünü yaşayır:

 

“Münasibətlərin bu dərəcədə kəskinləşməsi isə Fransanın Azərbaycana qarşı birtərəfli və qərəzli siyasəti nəticəsində baş verir. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsindən sonra Fransanın Azərbaycana qarşı apardığı qərəzli və saxta təbliğata cavab olaraq Azərbaycan beynəlxalq hüququn yalnız bir dövlətin və ya bir millətin maraqlarının qorunmasına xidmət etmədiyini nümayiş etdirdi və Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlara dəstək verməyə başladı. Bununla da münasibətlərdə yeni gərginlik mərhələsi yarandı. Keçən ilin payızında Fransa prezidentinin Azərbaycan prezidentinə etdiyi zəngdən sonra müəyyən ümidlər yaranmışdı ki, münasibətlər normallaşa bilər, siyasi praqmatizm qərəzli yanaşmalara son qoyar və Azərbaycan-Fransa əlaqələri əvvəlki normal məcrasına qayıdar. Lakin həmin təmasdan qısa müddət sonra yenidən Fransanın ermənipərəst mövqeyi və anti-Azərbaycan bəyanatlarının şahidi olduq. Azərbaycan isə artıq xüsusilə Fransa kimi dövlətlərə ölkəmizə yuxarıdan aşağı baxmaq siyasətini davam etdirmək imkanı vermir. Bu səbəbdən Azərbaycan haqlı olaraq insan və vətəndaş hüquqlarının tapdalandığı Fransa müstəmləkələrindəki azadlıq mübarizəsinə dəstək verir və bu proses hazırda Bakı Təşəbbüs Qrupunun xətti ilə davam etdirilir. Buna görə də əmin deyiləm ki, son telefon danışığından sonra Fransa nəhayət öz siyasətinin yanlışlığını anlayacaq və Azərbaycanla münasibətlərini yenidən normal əməkdaşlıq müstəvisində quracaq. Hər iki ölkənin bu telefon danışığı ilə bağlı yaydığı açıqlamalara diqqət etsək görərik ki, Fransa tərəfi görüş zamanı Azərbaycan-Fransa əlaqələrinin, Azərbaycan-Ermənistan danışıqlarının gedişinin və Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğunu bildirir. Azərbaycan tərəfinin açıqlamasında isə əsasən ikitərəfli münasibətlər, regional və qlobal məsələlərin müzakirə edildiyi qeyd olunur. Bu fərqli mesajların təhlili belə qənaətə gəlməyə əsas verir ki, Fransa yenə də Azərbaycan-Ermənistan münasibətlərinin gedişi ilə bağlı Azərbaycana öz baxışını diktə etməyə, yol göstərməyə çalışır. Azərbaycan tərəfi, o cümlədən Prezident cənab İlham Əliyev isə yəqin ki, Fransanın müstəmləkəsi altında olan və insan, vətəndaş, eləcə də milli hüquqları tapdalanan Yeni Kaledoniya və Korsika kimi bölgələrin vəziyyəti ilə bağlı müəyyən məqamları xatırladıb. Elə buna görə də eyni telefon danışığı ilə bağlı iki fərqli açıqlama ortaya çıxır. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, həmin telefon danışığının kifayət qədər gərgin olan Azərbaycan-Fransa münasibətlərinin tam normallaşmasına gətirib çıxaracağını düşünmürəm. Bu təmas yalnız münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Lakin bunun davamı üçün Fransa Azərbaycana qarşı qərəzli siyasətindən imtina etməli və Azərbaycanla münasibətlərini normal əməkdaşlıq prinsipləri əsasında qurmalıdır. Hazırkı mərhələdə isə Makron administrasiyasından belə bir yanaşma gözləmək sadəlövhlük olardı”.

 

Banuçiçək Məmmədova

#edib #yeni #fransa #emmanuel
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər