“Frederiksenin mesajı Avropanın dəyişən təhlükəsizlik baxışını göstərir”-ŞƏRH
“Avropanın düşüncələri artıq sülh dövrü üçün deyil”.
Bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Danimarkanın Baş naziri Mette Frederiksenin “avropalılar üçün problem ondadır ki, hələ də sülh dövründə yaşadıqlarını düşünür və hərəkət edirlər“ gerçəkliyi əks etdirir:
“Qərbin siyasi təhlilçiləri arasında belə bir fikir var ki, Rusiyanın işğalçılıq siyasəti, ABŞ və Çinin öz maraqlarını təmin etmək üçün sərt addımları Avropanı yuxudan ayıltsa da, hərəkətə səbəb olmayıb. Yəni, Avropa nə edəcəyini hələ də bilmir. Avropa məmnuniyyətlə 24 fevral 2022-ci ildən öncəyə qayıtmaq istərdi. Ancaq tarixin təkərlərini geriyə fırlatmaq mümkün deyil. Buna görə də Avropa istəsə də, istəməsə də qəti qərarlar verməlidir. Avropa İttifaqı daxilində Rusiyaya qarşı daha sərt siyasi xəttin formalaşmasının səbəbi də budur. Beynəlxalq münasibətlərdə gərginlik elə həddə çatıb ki, artıq bu Avropa liderlərinin mövqelərindən asılı olmayaraq dərinləşir. Frederiksenin açıqlaması NATO-nun gələcək siyasi və hərbi qərarlarına təsir göstərə bilməz. Danimarkanın Baş nazirinin fikirləri Avropanın baxışlarının və mövqelərinin formalaşmasına təsir edir”.
Nuray Əliyeva