Freedom House və onun bağlı olduğu güclər Ermənistana üz tuta bilərlər – Sahib Alıyev
“Biz dəfələrlə demişdik ki, Freedom House kimi qurumların ölkəmizlə bağlı hesabatları bir məqsədə xidmət edir, o da hər nə yolla olursa-olsun erməni işğalına haqq qazandırmaqdır”.
İnformator xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev “Facebook” səhifəsində yazıb. Deputat bildirib ki, işğalçıya havadarlıq edənlər əvvəllər bizə “savaşı uduzmusunuz, ermənilər sizdən güclüdür, ona görə də yaranmış reallıqla barışmalısınız” deyirdilər.
“Reallıq dəyişəndən, Azərbaycan ordusu işğalçını cəmisi bir həftəyə torpaqlarımızdan silib-süpürəcək gücə yiyələnndən sonra( bunu amerikalı ekspertlərin U.S. News and World Report nəşrində açıqlanan son hesabatları da təsdiqləyir) indi də bizə “Dağlıq Qarabağ probleminin savaş yoluyla həlli yoxdur” mahnısını oxuyurlar. Yəni dolayısıyla çatdırırlar ki, müharibə apara bilməzsiniz, əks-təqdirdə qarşınızda bizi görəcəksiniz”, S.Alıyev yazıb.
Millət vəkili vurğulayıb ki, həmsədr ölkələrin AŞPA-nın qış sessiyası öncəsi erməni işğalını pisləyən qətnamələrin əleyhinə çıxmaları da bir daha onların kimin yanında olduqlarını, vasitəçi deyil də əslində tərəf rolunda çıxış etdiklərini ortaya qoydu: “Açıq danışmalı olsaq, biz indi belə bir reallıqla üz-üzəyik. Bir tərəfdən Minsk qrupuna həmsədrlik edənlər münaqişənin həllini, əslində həllinin ləngidilməsini öz inhisarlarında saxlamağa çalışırlar və bütün beynəlxalq qurumlara da bu yöndə təzyiqlər edirlər. Digər tərəfdən bizim “nədən bəzi qətnamələr onların mürrəkkəbi qurumamış yerinə yetirildiyi halda, Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı qətnamələrə illərdir əməl olunmur” deyərək səsləndirdiyimiz haqlı tələblərimizin qarşılığında Freedom House kimi qurumların saxta hesabatlarını yayırlar. O hesabat ki, orada Dağlıq Qarabağdakı hərbi xunta qismən azad rejim kimi göstərilir, Azərbaycan isə azad olmayan ölkələrin siyahısına salınır. Niyə başqa separatçı qurumların məsələn Donbasın, Abxaziyanın, Dnestryanı bölgənin adları bu siyahıya daxil edilməyib? Məqsəd nədir? Məqsəd “qismən azad rejimdə yaşamağa öyrəşmiş” ermənilərin “azad olmayan” ölkənin tərkibində qalmaq istəməmələrinə haqq qazandırmaqdır”.
“Freedom House və onun bağlı olduğu güclər bilməlidirlər ki, bir halda vəziyyət belədirsə(vəziyyətin tam tərsinə olduğunu onlar bizdən də yaxşı bilirlər), bunun çıxış yolu var, həmin o “qismən azad rejimdə yaşamağa öyrəşmiş ermənilər” “qismən azad” sayılan ölkəyə- Ermənistana üz tuta bilərlər. Kimsə onların yollarını kəsmir. Amerikadan yığılan ianələr hesabına artıq yaxşı asfalt yol da salınıb. Buyurub getsinlər. Onsuz da gedirlər. Bir-bir, iki-iki. Bəzən bir neçəsi birdən. Hara gedirlər bunu Ermənistandakı əsgər anaları yaxşı bilirlər, elə Freedom House kimi erməni havadarları da”,- Sahib Alıyev vurğulayıb.
