FTB agentlərinin şəxsi məlumatları hakerlərin əlinə keçib
ABŞ Federal Təhqiqat Bürosunda (FTB) hazırkı və keçmiş əməkdaşlar agentliyin işçi heyətinə aid şəxsi məlumatların haker hücumu nəticəsində ələ keçirilməsindən narahatlıq keçirir.
ShinyHunters adlı haker qrupu FTB sistemlərinə hücum etdiyini açıqlayıb və oğurlandığı bildirilən məlumatları yayımlamaqla hədələyib. Qrup məlumat bazaları və sənədlərin dörd gün ərzində dərc ediləcəyini bildirib.
Hücum nəticəsində minlərlə FTB əməkdaşına aid ad, ünvan, telefon nömrəsi, vəzifə, döş nişanı nömrəsi və ailə üzvləri ilə bağlı məlumatların ələ keçirildiyi bildirilir. Həmçinin bəzi xüsusi agentlərə aid həssas tibbi məlumatların da hakerlərin əldə etdiyi məlumatlar arasında olduğu qeyd olunur.
Keçmiş FTB əməkdaşları şəxsi məlumatların yayılmasının agentlərin və onların ailələrinin təhlükəsizliyi üçün risk yarada biləcəyini bildirirlər. Məlumatlardan fişinq cəhdləri, dələduzluq, rüşvət tələbləri və agentlərə qarşı təqib məqsədilə istifadə oluna biləcəyi vurğulanır.
FTB hücumla bağlı açıqlamasında məlumat sızmasını araşdırdığını bildirib. Agentlik hadisənin necə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparır.
Kiber təhlükəsizlik üzrə mütəxəssislər məlumatların internetdə yayıldıqdan sonra uzun müddət dövriyyədə qala biləcəyini qeyd edirlər. Bu isə sızdırılan məlumatların gələcəkdə də agentlər və onların ailələri üçün təhlükə yaratması ehtimalını artırır.
ShinyHunters qrupunun FTB-dən pul tələb etmədiyi bildirilir. Qrup bunun əvəzinə agentliyin may ayında yayımladığı və hakerlərin etiraz etdiyi məsləhətin geri götürülməsini tələb edir.
Aysun Xəlilova