Gələn il AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək.
"İnformator.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk. Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək,"-paylaşımda qeyd edilib.