"Gənclər eşidilmədiklərini hiss edirlər" - Psixoloq Mənzər Səfəralıyeva
Müasir dövrdə gənclərin üzləşdiyi psixoloji problemlər, stress, cəmiyyətin psixoloji dəstəyə münasibəti və gənclərin daxili dünyası haqqında psixoloq Mənzər Səfəralıyeva ilə həmsöhbət olduq.
Hazırda gənclərin ən çox qarşılaşdığı psixoloji problemlər hansılardır?
Bu gün gənclər daha çox nəsil toqquşması yaşayırlar. Rəqəmsal dünyaya uyğunlaşmağa çalışır, eyni zamanda ailə və keçmiş nəslin düşüncə tərzi ilə qarşı-qarşıya qalırlar. Bir çox gənc özünü tapmaqda, kimliyini formalaşdırmaqda çətinlik çəkir. Dinlənilməmək, eşidilməmək və görünməmək hissi onların daxilində ciddi boşluq yaradır. Bəzən özlərini düzgün ifadə edə bilmirlər, bəzən isə cəmiyyətin və ailənin gözləntilərini qarşılamaq istəmirlər. Seanslarda ən çox qarşılaşdığım problemlər bunlardır.
Uzunmüddətli stress gənclərdə hansı problemləri yaradır?
Uzunmüddətli stress müəyyən müddətdən sonra beyində bir “təhlükə rejimi” kimi kodlanır. İnsan artıq rahatlaşmaqda və sakitləşməkdə çətinlik çəkir. Zaman keçdikcə bədən və beyin bu gərginliyə alışır, insan daim yorğun və gərgin vəziyyətdə qalır. Bu isə həyat keyfiyyətinin aşağı düşməsinə, emosional tükənmişliyə və daxili yorğunluğa səbəb olur.
Stresi azaltmağın ən təsirli üsulları hansılardır?
Stresi azaltmağın ən vacib yolu fərqində olmaqdır. İnsan çox vaxt bilmədiyi, yaşamadığı, yalnız xəyalını qurduğu şeylərin stresini yaşayır. “Yox” deyə bilməmək də insanı daxildən yorur. Özünü ön plana qoymaq, hisslərini ifadə etmək və sərhədlər qoymağı öyrənmək stresslə mübarizənin ən sağlam yollarındandır.
Cəmiyyətdə psixoloji dəstəyə qarşı stereotiplər varmı?
Təəssüf ki, hələ də var. Bir çox insan psixoloji dəstəyi “dəli olmaq” anlayışı ilə qarışdırır. Halbuki bunun heç bir əlaqəsi yoxdur. Hətta psixoloqların belə bəzən psixoloji dəstəyə ehtiyacı olur. İnsan üçün ən təbii ehtiyaclardan biri eşidilmək, hiss edilmək və anlaşılmaqdır. Bunları yaşaya bilməyən insanlar zamanla mənəvi çöküş yaşayırlar.
Bəzi insanlar bu boşluğu siqaret, içki və ya keçici həzzlərlə doldurmağa çalışır, digərləri isə çıxış yolunu psixoloq dəstəyində görür. Təəssüf ki, cəmiyyətdəki stereotiplər və peşəyə uyğun olmayan bəzi şəxslər insanlarda yanlış düşüncə formalaşdırır.
“Psixoloqa gedən insan zəifdir” fikri ilə razısınızmı?
Əksinə, məncə, psixoloqa gedən insan ən güclü insanlardan biridir. Çünki o, özünü tanımağa, problemləri ilə üzləşməyə və daxili mübarizə aparmağa cəsarət edir. Başqalarını günahlandırmaq və ya problemlərdən qaçmaq daha asandır. Amma insanın özü ilə üz-üzə qalması böyük güc tələb edir.
İnsan özü dəyişmək və öz üzərində işləmək istəmirsə, nə qədər dəstək alsa belə, irəliləyiş çətin olur. Hər kəs bu cəsarəti göstərə bilmədiyi üçün, məncə, psixoloqa müraciət edən insanlar əslində ən güclü insanlardır.
Məktəb və universitetlərdə psixoloji dəstək vacibdirmi?
Müasir dövrdə məktəblərdə bullinq halları və insanlar arasındakı aqressiya daha da artıb. Məktəblərdə şəxsiyyəti formalaşmağa başlayan, universitetlərdə isə artıq müəyyən qədər formalaşsa da, hələ də özünü axtaran bir nəsil var.
Universitetlərdə tələbələr müxtəlif ailə və sosial mühitlərdən gəldikləri üçün yeni həyata uyğunlaşmaq onlar üçün çətin olur. Onlar hansı sahəni seçəcəklərini, gələcəkdə kim olmaq istədiklərini müəyyən etməli, öz potensiallarını üzə çıxarmalıdırlar. Bütün bunlar üçün psixoloji dəstək hava və su qədər vacibdir.
Psixoloji sağlamlığı qorumaq üçün gənclər nə etməlidir?
İnsanlar izlədikləri, oxuduqları və dinlədikləri hər şeyə diqqət etməlidirlər. Biz rəqəmsal dünyada yaşayırıq və zamanla baxdıqlarımız, eşitdiklərimiz və yaşadıqlarımız bizi formalaşdırır. Buna görə də həm sosial mediada, həm gündəlik həyatda seçim etdiyimiz hər şeyə diqqətlə yanaşmaq vacibdir.
Son illərdə insanların psixoloqlara münasibəti dəyişibmi?
Son illərdə psixologiyaya və psixoloji terminlərə maraq artsa da, zaman keçdikcə bu sahəyə münasibətdə müəyyən mənfi fikirlər də formalaşmağa başlayıb. Təəssüf ki, bəzi şəxslər “psixoloq” adı altında peşəkar olmayan fəaliyyət göstərərək insanların bu sahəyə olan inamını zəiflədiblər.
Halbuki psixoloji dəstək almaq hər bir insan üçün normal və sağlam bir addımdır. Bu səbəbdən cəmiyyətdə maarifləndirmənin daha da artmasına ehtiyac var.
Gənclərə nə demək istərdiniz?
Həyatda yaşadığımız münasibətlər, uğursuzluqlar və təcrübələr keçib gedəcək, amma insanın öz daxili dünyası ömrünün sonuna qədər onunla qalacaq. Buna görə də heç vaxt icazə verməyin ki, yaşadığınız çətinliklər xarakterinizdəki gözəllikləri öldürsün. Çünki insanın həyatı boyunca ən çox ehtiyac duyacağı şəxs yenə də özüdür.