00:00:00
Yazar
Admin User
03.10.2023 18:45 487 3 dəq oxuma
Sosial

Görkəmli Azərbaycan dramaturqu Süleyman Sani Axundovun doğum günüdür

Görkəmli Azərbaycan dramaturqu Süleyman Sani Axundovun doğum günüdür

Bu gün yazıçı, dramaturq, jurnalist, şair olan Süleyman Sani Axundovun doğum günüdür. Qeyd edək ki, Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşada anadan olub, 1939-cu il 29 martda Bakıda vəfat edib.

Süleyman Sani Axundov uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. O, 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınıb.

Azərbaycanda minlərlə gənclərimiz Süleyman Sani Axundovun əsərlərini sevərək oxuyublar. Bu gənclərdən biri də Leyla Zeynalovadır. Leyla yazıçının bir neçə əsərlərini oxuduğunu, amma ən çox "Əhməd və Məleykə" əsərini bəyəndiyini deyir. Səbəb isə bu əsərdə inam var. Əsərin sonunda Məleykə inanır ki, mələklər yemək gətirəcək. Onlara yeməyi mələk gətirməsə də istədiyi olur, ailəlikcə ac qalmırlar.
Leyla bildirir ki, insan nəyəsə inanıb ümid edirsə həmin arzu həyata keçir, əsərin də mənasını burada görür.

Nurcan Rzayeva isə Süleyman Sani Axundovun "Nurəddin" əsərini bəlkə də 20 dəfə oxuduğunu deyir. "Həmin əsər o qədər gözəl, o qədər insanı yaxşılıq etməyə vadar edən hekayədir ki, hər dəfə təkrar-təkrar oxumaq istəyirəm. Yazıçı əsərdə yamanlıq görsək belə qarşımızdakına yaxşılıq etməli olduğumuzu aşılayıb. Nurəddinin acı taleyi, sonra həyatın onun üzünə gülməsi, onun ağlı, tərbiyəsi oxucuları valeh edir".

Yaradılıcığına gəldikdə isə Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazıb.
Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.
Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazıb. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunub. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa edib. Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib.

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər