Göygöldə balıq istehsalı sexində nöqsanlar aşkar edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıq istehsalı sexində yoxlama aparıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində müvafiq təsdiq olmadan qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl etmədiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu cür sexlərin fəaliyyəti həm qanunsuzdur, həm də əhali üçün ciddi sağlamlıq riski yaradır.
"Belə hallarda məhsullar nəzarət aparılana qədər artıq istehlakçıya satılmış olur. Bu isə zəhərlənmələrə və sonradan ortaya çıxan sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə balıq yüksək risk qrupuna aid qida məhsuludur. Tez xarab olur və uyğun temperaturda saxlanılmadıqda bakteriyalar sürətlə çoxalır. Bu zaman ağır qida zəhərlənmələri, o cümlədən histamin zəhərlənməsi baş verə bilər. Sanitar-gigiyenik qaydalara əməl edilmədikdə parazit və patogen mikroorqanizmlərin yayılma riski də artır. Bəzi hallarda keyfiyyətsiz və ya köhnə balıqlar hisə verilir. Duzun normadan artıq istifadəsi də sağlamlıq üçün zərərlidir. Bundan başqa, ucuzluq naminə uyğun olmayan ağac tullantıları ilə tüstüləmə aparılması qidanın tərkibini dəyişir və zərərli maddələrin yaranmasına səbəb olur. Bu cür məhsullar xüsusilə hamilələr, süd verən qadınlar, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün daha təhlükəlidir. Mənşəyi bəlli olmayan, nəzarətdən keçməyən xammaldan hazırlanan məhsullarda mikrobioloji və kanserogen risklər yüksək olur. Temperatur rejiminə əməl edilməməsi isə qidanın tam bişməməsinə və keyfiyyətsizliyinə gətirib çıxarır. İstehlakçılar hisə verilmiş balıqları yalnız rəsmi qeydiyyatdan keçmiş istehsalçılardan almalıdır. Məhsulun mənşəyi, tutulma tarixi, saxlanma şəraiti və etiket məlumatları mütləq yoxlanılmalıdır. Bu məlumatlar düzgün deyilsə və ya ümumiyyətlə, yoxdursa, həmin məhsullar ən riskli qida məhsulları hesab olunur".


Reyhan Quliyeva
