Əgər Qətərə yenə hücum olarsa, məhv edəcəyik!- Tramp
“ABŞ bu hücum barədə heç nə bilmirdi və Qətər heç bir şəkildə bu məsələdə iştirak etməyib və ya məlumatlı olmayıb”- deyə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində İsrailin İranın cənubundakı neft obyektlərinə hücumu barədə yazıb.
“İsrail Yaxın Şərqdə baş verənlərə qəzəblənərək, İranın Cənubi Pars qaz yatağına zorakı şəkildə zərbə endirib. Nisbətən kiçik bir hissə vurulub. Təəssüf ki, İran bunu bilmirdi və əsassız olaraq Qətərin LNG qaz obyektinin bir hissəsinə hücum edib. İran ağılsızcasına Qətərə hücum etmədiyi təqdirdə İsrail tərəfindən Cənubi Parsla bağlı daha heç bir hücum olmayacaq. Əks halda isə ABŞ İsrailin köməyi və ya razılığı ilə və ya onsuz, Cənubi Pars qaz yatağını İranın indiyədək görmədiyi güc və qüvvə ilə tamamilə məhv edəcək. Mən bu səviyyədə zorakılıq və dağıntıya icazə vermək istəmirəm, çünki bunun uzunmüddətli nəticələri var. Lakin əgər Qətərin LNG obyektinə yenidən hücum olarsa, tərəddüd etmədən bunu edəcəyəm”,- Tramp bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, regionda gərginlik və qarşılıqlı hücumların davam edəcəyi ehtimal olunur:
“Artıq İran üçün qırmızı cizgilər çoxdan keçilib. Əslində, Trampın bu açıqlaması İran üçün onun zəif nöqtəsi kimi maraqlı bir yanaşma olacaq. İranın bundan sonra Qətərə və xüsusilə də onun neft-qaz sənayesinə məsafəli davranacağı düşünülmür. Əksinə, istər liderlərinin ölüm qisası, istərsə də ölkənin, elə Trampın və Netanyahunun ifadə etdikləri kimi- raket və dron sənayesinin, o cümlədən digər strateji obyektlərin vurulmasının qisası məqsədilə Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Səudiyyə Ərəbistanı hədəf alınmağa davam edəcəkdir. Bu çərçivədə həm sözügedən ölkələrdə yerləşən Amerika bazalarının, həm də həmin dövlətlərin strateji obyektlərinin, xüsusilə də neft-qaz sənayesinin vurulması gözləniləndir. Trampın edə biləcəyi ən kəskin və ən təhlükəli hücumlar onsuz da edilib. Təbii ki, ardı gələcək. Ona görə də, Trampın bu kimi açıqlamaları hazırkı İran rəhbərliyi üçün o qədər də çəkindirici deyil. Əksinə, bu çıxışlar İran tərəfini daha da aqressivləşdirəcək. Çünki qeyd etdiyim kimi, bu açıqlamalar Trampın zəif nöqtələri kimi qiymətləndiriləcək. Həm Körfəz ölkələrinin, həm beynəlxalq ictimaiyyətin, xüsusilə də neft və qazdan asılı olan dövlətlərin təzyiqinin artırılması, eyni zamanda Amerika dövləti və konqresinin təzyiqinin gücləndirilməsi paralelində, biz çox keçmədən İranın oxşar obyektlərə hücumunun yenidən şahidi olacağıq. Trampın bunun müqabilində nə edə biləcəyinə gəlincə, o onsuz da edəcəklərini edir və İran rejimi çökənə qədər də etməkdə davam edəcək. Bu mənada yeni bir şey olmayacaq. Sadəcə indiyə qədərki intensiv zərbələr ikitərəfli qaydada- həm ABŞ və İsrailin İrana qarşı, həm də İranın İsrailə, Körfəz ölkələrinə və oradakı Amerika bazalarına əks-hücumları formasında davam edəcək”.
Lalə Qurbanlı