00:00:00
Yazar
Admin User
06.02.2026 12:18 62 2 dəq oxuma
Siyasət

“Güc balansının dəyişməsi İsraildə ciddi narahatlıq yaradır”

“Güc balansının dəyişməsi İsraildə ciddi narahatlıq yaradır”

İsrail Baş naziri Benyamin Netanyahu Misirin hərbi gücünün artmasından narahatdır, İsrail parlamentinin müdafiə komissiyasının qapalı iclasında Netanyahu Misirlə diplomatik münasibətlər və ortaq maraqların olduğunu vurğulasa da, onun artan gücünün diqqətlə izlənilməli olduğunu bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Misir güclü dövlətdir:

 

"Misir Ərəb dünyasının böyük dövlətlərindən biri kimi diqqəti cəlb edib. Son vaxtlar, general Sisi hakimiyyətə gəldikdən sonra Misirin hərbi qüvvələrinin daha da gücləndiyi müşahidə olunur. Misir demək olar ki, heç bir münaqişəyə qoşulmur və məlum olduğu kimi, ABŞ də bu ölkəyə dəstək göstərir. Bu dəstək hərbi gücün artırılmasına və silahlı qüvvələrin saxlanmasına kömək edir. Bununla yanaşı, Misir özü də kifayət qədər böyük potensiala malik ölkədir. İsrailin narahatlığını anlamaq mümkündür. Xüsusilə, son vaxtlar Misirin hər hansı münaqişədə iştirak etməməsi onun hərbi gücünü qoruyub saxlamasına və müəyyən qədər artırmasına şərait yaradıb. İslam ölkələri arasında əməkdaşlıq modeli axtarışları da aparılır. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Qətər arasında yaxınlaşma müşahidə olunur. Eyni zamanda, Misirin də gələcəkdə bu birliyə qoşulması ehtimal edilir. Beləliklə, müsəlman ölkələrinin hərbi blokunun formalaşması məsələsi müzakirə olunur. İsrailin narahatlığı anlaşılandır. Misir İsraillə qonşu dövlətdir və Qəzzada baş verən hadisələr fonunda iki ölkə arasında müəyyən gərginliklər yaşanır. Münaqişə mövcud deyil, lakin münasibətlərdə həmişə müəyyən həssaslıq hiss olunub".

 

Müsahibin sözlərinə görə, dünyada siyasi vəziyyət sürətlə dəyişir:

 

"Qlobal proseslər və mövcud siyasi yanaşmalar yenilənir. Gələcəkdə Misirin İsraillə münasibətləri fərqli müstəvidə inkişaf edə bilər. Misir İslam ölkələrinin hərbi blokunda yer alarsa, bu halda İsrail üçün yeni təhlükəsizlik narahatlıqları yarana bilər. Güc balansının dəyişməsi İsraildə narahatlıq doğuran əsas amillərdən biri hesab olunur.Hazırda İsrail və Misir arasında normal diplomatik əlaqələr mövcuddur. Bu münasibətlər siyasi və iqtisadi əməkdaşlığın qorunmasına imkan yaradır və iki dövlət arasında sabitliyi təmin edir. Lakin beynəlxalq münasibətlər dinamikdir, ənənəvi bloklar zəifləyə, yeni ittifaqlar yarana bilər. Belə dəyişikliklər gələcəkdə regionda yeni gərginliklərə səbəb ola bilər".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər