Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü ayırıb
Gürcüstan hökumətinin 60-dan artıq azərbaycanlı tələbə üçün dövlət təqaüdü ayırması regionda təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu addım təkcə sosial dəstək deyil, həm də Cənubi Qafqazda humanitar əlaqələrin gücləndirilməsi, gənclər arasında inteqrasiyanın təşviqi və regional təhsil siyasətində açıq, inklüziv yanaşmanın formalaşması kimi dəyərləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, bu, Gürcüstan dövlətinin ali təhsillə bağlı ümumi siyasətidir:
“Gürcüstanın azərbaycanlı tələbələrə dövlət təqaüdü ayırması müsbət addım kimi qiymətləndirilməlidir. Bu, Gürcüstan dövlətinin ali təhsillə bağlı ümumi siyasətidir və onlar bu qərarı öz maraqları çərçivəsində əsaslandırıblar. Məsələni yalnız bir ölkə və ya millət üzərindən məxsuslaşdırmaq doğru olmaz. Çünki müasir təhsil sistemində çağdaş inkişaf trendlərindən biri də əcnəbi tələbələr üçün xüsusi güzəştlər və imtiyazların tətbiq edilməsidir. Bu cür addımların əsas məqsədi xarici tələbələri ölkəyə daha çox cəlb etməkdir. Ölkəyə gələn hər bir əcnəbi tələbə, az miqdarda da olsa, iqtisadi və sosial baxımdan investisiya axını deməkdir. Dövlət müəyyən məbləğdə təqaüd ayırsa da, əcnəbi tələbələrin təşviqi nəticəsində həmin vəsaitdən dəfələrlə artıq gəlir əldə edə bilir”.
Fidan Ağayeva
