00:00:00
Yazar
Admin User
10.02.2026 13:16 34 2 dəq oxuma
Sosial

Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşulub

Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşulub

AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmovun Daşkəndə səfəri çərçivəsində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşünün yekunu olaraq Gürcüstan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv olub.


Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında qeyd edib ki, Gürcüstanın bu quruma üzv olması regionda yükdaşımaların daha planlı və koordinasiyalı şəkildə aparılmasına yardımçı olacaq:

 

“Əgər əvvəllər hər ölkə əsasən öz istiqamətinə və marşrutuna fokuslanırdısa, indi ölkələr eyni yolun iştirakçıları kimi hərəkət edəcəklər. Bu addım Azərbaycan və Gürcüstan arasında tranzit əməkdaşlığını daha da gücləndirəcək. Yüklər artıq təkcə bir ölkənin deyil, konkret bir marşrutun maraqları çərçivəsində daşınacaq ki, bu da vaxt itkisini azaldır, prosedurları sadələşdirir və yük sahibləri üçün marşrutu daha cəlbedici edir. Bu xətt tam fəaliyyətə başladıqdan sonra Azərbaycanın və Gürcüstanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Çünki Orta Asiyadan çıxan yüklər üçün ən optimal yol Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Gürcüstan vasitəsilə Qara dənizə çıxışdır. Bu marşrut həm məsafə baxımından daha uyğundur, həm də hazırda digər istiqamətlərlə müqayisədə daha az risklidir”.

 

Həmçinin şərhçi qeyd edib ki, Azərbaycan Xəzər dənizində, Gürcüstan isə Qara dənizdə mühüm keçid rolunu oynayır və bu iki ölkə bir-birini tamamlayır:


“Nəticədə bu yol Azərbaycan və Gürcüstanı sadəcə tranzit ölkə deyil, əsas strateji tərəfdaşlara çevirir. Qeyd etmək lazımdır ki, marşrut Rusiya və İran üzərindən keçən alternativləri əvəz edən bir istiqamət kimi formalaşır. Hazırda iri logistika və yükdaşıma şirkətləri konkret bir marşrutdan asılı qalmaq istəmirlər. Onlar yolların optimallaşdırılmasına, alternativlərin mövcud olmasına, daha təhlükəsiz və rahat variantlara üstünlük verirlər. Rusiya üzərindən keçən marşrutlar Qərbin sanksiyaları səbəbindən müəyyən problemlərlə üzləşir, İran üzərindən keçən yollar isə hər zaman sabit və proqnozlaşdırılan hesab edilmir. Belə bir şəraitdə Avrasiya nəqliyyat marşrutu daha balanslı seçim kimi ön plana çıxır. Çünki bu marşrut daha proqnozlaşdırılandır, riskləri azdır, bir neçə ölkənin iştirakı ilə idarə olunur və yüklərin gecikmə ehtimalı minimum səviyyədədir".

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər