00:00:00
Yazar
Admin User
09.02.2026 11:44 114 4 dəq oxuma
Siyasət

Gürcüstan tranzit mərkəzi olmaq istəyir

Gürcüstan tranzit mərkəzi olmaq istəyir

 

Gürcüstan regional nəqliyyat və logistika xəritəsində rolunu daha da gücləndirməyi hədəfləyir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, ölkənin əsas vəzifələrindən biri strateji coğrafi mövqedən maksimum istifadə edərək bağlantı və tranzit funksiyasını inkişaf etdirməkdir. Bu məqsədlə genişmiqyaslı infrastruktur layihələrinə böyük investisiyalar yönəldilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Gürcüstan hökumətinin niyyəti bəllidir və burada danılmaz bir fakt var ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Gürcüstanın tranzit potensialını artırıb:

 

“Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi faktiki olaraq, Gürcüstanın bu baxımdan kifayət qədər strateji rolunu artırıb. Söhbət təkcə Xəzər dənizindən karbohidrogen resurslarının Qərbə doğru daşınmasından getmir, eyni zamanda Mərkəzi Asiya respublikalarına məxsus karbohidrogen resurslarının-xüsusilə Türkmənistan və Qazaxıstan qazı və neftinin-Qərbə doğru daşınmasından gedir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, beynəlxalq yükdaşımalar sahəsində də bu məsələlər daha qabarıq şəkildə özünü büruzə verib. Belə ki, Bakı-Tiflis-Qars dəmir yolu üzərindən daşınan yüklərin həcminin ildən-ilə artması faktiki olaraq, Gürcüstan hökumətinin bu kimi qərarlarını şərtləndirib. Nəzərə alsaq ki, Şərqdən Qərbə doğru daşınan yüklərin Çinə məxsus Orta Dəhliz layihəsi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur və bu da bilavasitə Azərbaycan-Gürcüstan üzərindən keçən bir layihədir. Xüsusilə son illər ərzində Şimal nəqliyyat dəhlizi və Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud məsələlər, daha dəqiq desək, şimalda Rusiya-Ukrayna müharibəsinin başlanması və digər faktorlar Orta Dəhlizin əhəmiyyətini artırıb. Bu da nəticə etibarilə Şərqdən Qərbə doğru daşınan yüklərin həcminin artmasına gətirib çıxarıb. Bu səbəbdən də Azərbaycan bu gün beynəlxalq yükdaşımalar kontekstində Zəngəzur dəhlizi və digər layihələrlə bağlı öz mövqeyini sərgiləyir. Bu, beynəlxalq yükdaşımaların həcminin artırılmasından irəli gələn xüsusi bir vəziyyətdir və təbii ki, Gürcüstan da bu barədə düşünür. Nəticə etibarilə, beynəlxalq yükdaşımaların diversifikasiyası olsa belə, Zəngəzur dəhlizi açıldıqdan sonra yüklərin bir qisminin məhz Zəngəzur dəhlizi üzərindən daşınması nəzərdə tutulur ki, bu da il ərzində təqribən potensial olaraq 70 milyon ton həcmində yükün daşınması deməkdir. Amma reallıqda Şərqdən Qərbə doğru daşınan yüklərin həcmi bir neçə dəfə çoxdur ki, bunun da böyük bir hissəsinin məhz Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən həyata keçirilməsi nəzərdə tutulur”.

 

Allahverənov Gürcüstan hökumətinin yol infrastrukturunun imkanlarının artırılmasına ehtiyac olduğunu düşündüyünü qeyd edib:

 

“Burada söhbət təkcə dəmir yolundan getmir. Eyni zamanda avtomobil yolları ilə bağlı da çox ciddi layihələndirmə işləri həyata keçirilir. Bu gün Gürcüstanda məsafələrin qısaldılması və digər elementləri özündə ehtiva edən yeniliklərin də həmin layihələndirmə işləri çərçivəsində nəzərdə tutulduğunu bilirik. Bununla yanaşı, Azərbaycan tərəfi də çox böyük işlər həyata keçirir. Beynəlxalq Ələt Dəniz Limanının istifadəyə verilməsi, yaxın vaxtlarda Beynəlxalq Ələt Hava Limanının istismara verilməsi faktiki olaraq, Şərqdən Qərbə doğru daşınan böyük həcmli yüklərin daşınmasını təmin edə biləcək yanaşmalardır. Amma bunun üçün Gürcüstan hökuməti çalışır ki, öz tranzit əhəmiyyətini bir qədər də artırsın. Bunun reallaşması üçün isə infrastruktur layihələrinin tamamlanmasına ehtiyac var. Ona görə də, Gürcüstan bu baxımdan öz potensialını artırmaqla, Şərqdən Qərbə doğru daşınan yüklərin böyük bir qisminin məhz öz ərazisindən tranzit olaraq keçməsinə nail olmağa çalışır”.

 

Müsahib eyni zamanda bildirib ki, burada bir neçə məsələ diqqət mərkəzindədir:

 

“İnfrastrukturla yanaşı, tranzit yüklərin daşıma haqqı, zamanın qısaldılması və mövcud infrastrukturun yenilənməsi kimi məsələlər də zəruri yanaşmalar tələb edir. Görünür ki, Gürcüstan hökumətinin bu istiqamətdə müəyyən fikirləri və planları var. İstənilən halda, Gürcüstan hökumətinin bu yanaşması və bundan irəli gələn məqsədi bəllidir. Düşünürəm ki, sadalanan istiqamətlərdə uğur əldə edildiyi təqdirdə, Gürcüstan öz yükaşırma potensialını artırmaqla yanaşı, geostrateji baxımdan əhəmiyyətini də yüksəltməyə müvəffəq ola bilər. Lakin bu məsələlər yalnız Gürcüstan üzərindən deyil, kompleks şəkildə həllini tapmalı olan mövzulardır. Burada bütün tərəflərin maraqları nəzərə alınmalıdır və bir tərəfin-yəni Gürcüstan hökumətinin-maraqları digərlərinin üzərində dominant olmamalıdır. Ona görə də düşünürəm ki, Gürcüstan hökumətinin bu məsələlərlə bağlı konkret bir strateji kursu var. Son danışıqlara və təmaslara diqqət yetirdikdə də görürük ki, Gürcüstan bu məsələdə kifayət qədər israrlıdır və yüklərin böyük həcminin məhz öz üzərindən daşınmasında xüsusilə maraqlıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər