Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətlərinin fəaliyyəti
Gürcüstanda İran mənşəli şirkətlərin kütləvi şəkildə qeydiyyata alınması və fəaliyyət göstərməsi beynəlxalq sanksiyaların tətbiqi fonunda ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, bu proses təkcə İranla məhdudlaşmır, digər ölkələr də oxşar şəkildə Gürcüstan bazarına yönəlirlər:
“Təkcə İran deyil, bir çox ölkələr Gürcüstanın açıq iqtisadi mühitindən istifadə edərək burada şirkətlər qeydiyyatdan keçirir. Bu, həm Gürcüstan, həm də İran üçün müəyyən iqtisadi üstünlüklər yaradır. Azərbaycan da bu tendensiyanı diqqətdə saxlamalı və yaranan fürsətlərdən bəhrələnməlidir. Belə bir mühitdə rəqabət qabiliyyətinin artırılması üçün liberal iqtisadi siyasət vacibdir. Gürcüstanın iqtisadi modelində sərbəst biznes mühiti və aşağı vergi dərəcələri əsas cazibə amillərindəndir. Əgər biz bu istiqamətdə daha çevik siyasət yürütməsək, rəqabət qabiliyyətimiz zəifləyə bilər. Vergi siyasəti sərtləşdirilməməli, əksinə, biznes mühiti daha əlverişli olmalıdır. Qonşu ölkələrin iqtisadi şəraiti və təşviq mexanizmləri diqqətlə analiz edilməlidir. Gələcəkdə Çin kimi iri iqtisadi güclərin də regionda fəallığı artacaq və Gürcüstan kimi ölkələr bu prosesdə mühüm tranzit və maliyyə mərkəzinə çevrilə bilər. Qlobal trendlər göstərir ki, yaxın illərdə Çin şirkətləri də Cənubi Qafqaz ölkələrində, o cümlədən Gürcüstanda fəaliyyətini genişləndirmək niyyətindədir. Ona görə də əsas məqsəd vergiləri artırmaq yox, iqtisadi mühiti yaxşılaşdırmaq və xarici sərmayə üçün sabit şərait yaratmaq olmalıdır. Xarici amillər, xüsusilə regional geosiyasi risklər nəzərə alınmalıdır. İranın bəzi şirkətlərinin hərbi və texnoloji sahələrdə istifadəsi beynəlxalq səviyyədə geniş müzakirə olunur və bu, region ölkələrindən diqqətli, balanslı iqtisadi siyasət tələb edir. İranın bəzi müəssisələrinin orduda və müdafiə sahəsində istifadə edilməsi məsələsi artıq geniş tanınan bir faktdır. Buna görə də region ölkələri, o cümlədən Gürcüstan və Azərbaycan, iqtisadi əməkdaşlıqla yanaşı, sanksiya risklərini də düzgün qiymətləndirməlidir”.
Fatimə Hüseynli
