GCSP: Avropa İttifaqı TRIPP layihəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri modeli üzrə dəstəkləyə bilər
TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal transformasiya əsas rol oynayır.
"İnformator.az" xəbər verir ki, bu barədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) məqaləsində qeyd olunub.
Bildirilib ki, Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) üzrə təcrübəsinə əsaslanaraq, Brüssel Ermənistan və Azərbaycanın rəsmi müraciəti əsasında rəqəmsal gömrük və tranzit platformalarının hazırlanması və tətbiqinə dəstək göstərə bilər. Söhbət məlumatların fasiləsiz elektron mübadiləsini, kağızsız sənəd dövriyyəsini və yüklərin real vaxt rejimində izlənilməsini təmin edən sistemlərdən gedir. Müəllifin fikrincə, standartlaşdırılmış gömrük kodlarının, elektron plomb sistemlərinin və radiotezlik identifikasiyası (RFID) daxil olmaqla intellektual logistika texnologiyalarının tətbiqinə dəstək TRIPP-in əməliyyat sistemlərini TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Avropa rəqəmsal standartlarına uyğunlaşdırmağa imkan verər. Bundan əlavə, Ermənistan və Azərbaycanın rəsmi müraciəti şərti ilə Aİ-nin inteqrə olunmuş sərhəd idarəçiliyi üzrə potensialın artırılması proqramları gömrük və sərhəd xidmətlərinin peşəkar səviyyəsini yüksəldə, gecikmələri azalda və marşrut boyunca hüquqi və prosedur uyğunlaşmanı gücləndirə bilər.
