Gecə aktiv, gündüz halsız olmağın psixoloji səbəbləri
Bir çox insan gecə saatlarında daha enerjili və aktiv olduğunu, gündüz isə halsızlıq və diqqət çatışmazlığı yaşadığını deyir. Bu hal təkcə yuxu rejimi ilə deyil, eyni zamanda psixoloji amillərlə də əlaqəli ola bilər.
Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva “İnformator.az”a açıqlamasında bildirib ki, gündüz halsızlıq və gecə aktivlik hormonal balans, psixoloji rahatlıq axtarışı və vərdişlərlə bağlı ola bilər və bu hallar gündəlik funksionallığı pozarsa, mütəxəssisə müraciət edilməlidir:
“Gündüz halsızlığın, gecə aktivliyin bir sıra psixoloji amilləri var. Psixofizioloji olaraq- gündüz kortizol hormonları yüksək ifraz olunur. Əgər, az ifraz olunursa, halsızlıq, süstlük olur. Gecə isə melatonin hormonları ifraz olunur. Əgər, bu hormon az ifraz olunursa, enerji artır. Belə halda, əlbəttə ki, insan oyaq olur, nələr isə edir. Nəticədə, yuxu gecikir.
Psixoloji səbəbdə isə insanın gündəlik yaşamına baxmaq lazımdır. Gecə aktiv olan insanların gündüz iş rejimi, sosial təzyiqi, məsuliyyəti çoxdur. Gecə onlar üçün sakitlik, özü ilə tək qalmaq deməkdir. Düşünsün, plan qursun, yaratsın. Buna görə də, gecə motivasiya və enerji artımı hiss edir.
Digər səbəb isə vərdişə çevrilən fəaliyyətlər ola bilər. Məsələn, gecə oxumaq, gecə sabahın yeməyini hazırlamaq, gecə paltar ütüləmək, gecə duş qəbul etmək və s.
Gecə aktivliyi və gündüz halsızlığı yaşayan şəxslər psixoterapevtə bu hallar baş verərsə müraciət edə bilərlər: gündüz funksionallıq ciddi düşürsə; iş və həyat keyfiyyəti pozulursa; yuxusuzluq, depressiya, narahatlıq artırsa”.
Lalə Qurbanlı
