00:00:00
Yazar
Admin User
02.01.2026 04:53 133 2 dəq oxuma
Sosial

"General səngərdə olmaz"

"General səngərdə olmaz"

Bu gün Azərbaycan xalqının qəlbində əbədi iz qoymuş qəhrəmanlardan biri şəhid general-mayor Polad İsmayıl oğlu Həşimovun doğum günüdür. Onun adı təkcə hərbi rütbə ilə deyil, Vətənə sonsuz sevgi, xalqa sədaqət və fədakarlıq anlayışları ilə birgə çəkilir.

 

1975-ci il avqustun 2-də Qəbələ rayonunun Vəndam kəndində dünyaya gələn Polad Həşimov uşaqlıqdan sadəliyi, zəhmətkeşliyi və məsuliyyəti ilə seçilib. O, hərb yolunu şüurlu şəkildə seçmiş, bu yolu şərəflə və vicdanla addımlamışdı. Təkcə peşəkar zabit kimi deyil, əsgərlərin yanında olan, onların dərdi ilə yaşayan bir komandir kimi tanınırdı.

 

Polad Həşimov hər zaman ön xətdə olmağı üstün tuturdu. “General səngərdə olmaz” düşüncəsini öz davranışı ilə alt-üst edən sərkərdə idi. O, təhlükəsiz qərargahlardan deyil, əsgərlə çiyin-çiyinə səngərdən Vətəni qorumağı seçmişdi. Məhz bu səbəbdən xalq arasında ona böyük hörmət və sevgi vardı.

 

Onun anası dəfələrlə bildirib ki, Polad heç vaxt özünü başqalarından üstün tutmayıb, rütbəsini ailəsinə və yaxınlarına hiss etdirməyib. Ana deyirdi ki, oğlu üçün Vətən, torpaq və xalq hər şeydən öndə olub. “Əsgərlər onun balaları idi” - deyə anasının sözlərində bir ana qüruru ilə yanaşı, dərin bir kədər də hiss olunurdu.

 

2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı Polad Həşimov döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Onun şəhadəti təkcə bir generalın itkisi deyil, bütün xalq üçün böyük sarsıntı idi. Minlərlə insanın küçələrə çıxaraq onun dəfn mərasimində iştirak etməsi Polad Həşimovun xalqın qəlbində hansı yeri tutduğunu açıq şəkildə göstərdi.

 

Polad Həşimovun həyatı və şəhadəti bir mesaj idi: Vətənə sevgi sözlə deyil, əməl ilə sübut olunur. O öz canı ilə bu torpağın müqəddəsliyini təsdiqlədi və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.

 

Bu gün onun doğum günündə Polad Həşimovu ehtiramla anır, ruhu qarşısında baş əyirik. O, təkcə bir general deyil, xalqın qəhrəmanı, Vətənin qeyrət simvoludur. Polad Həşimov yaşadığı kimi - şərəflə, ləyaqətlə və Vətən sevgisi ilə yaddaşlarda əbədi yaşayacaq.

 

Mayıl Soltan 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər