Giorgia Meloninin Bakı səfəri: Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə daha da dərinləşir. Xüsusilə enerji, ticarət və investisiya sahələrində genişlənən əməkdaşlıq fonunda yüksək səviyyəli qarşılıqlı səfərlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan İtaliyanın Baş naziri Giorgia Meloninin 2026-cı il mayın 5-də Azərbaycana planlaşdırılan rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri baxımından diqqət mərkəzindədir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq xüsusilə son dövrlərdə yüksək səviyyədə inkişaf edir:
“Enerji sektorunda çox geniş əməkdaşlıq mövcuddur və ümumilikdə, iki ölkə arasında münasibətlər hər zaman müsbət olub. Hətta müharibə dövründə belə İtaliyadan Azərbaycana müəyyən dəstək açıqlamalarının şahidi olmuşuq. Bu baxımdan digər Avropa ölkələrindən fərqli olaraq, İtaliyanın Azərbaycana münasibəti daim daha konstruktiv olub. Giorgia Meloni hakimiyyətə gəldikdən sonra da bu müsbət dinamika qorunub saxlanılıb. Meloni hökuməti dövründə həm Azərbaycana, həm də Türkiyəyə münasibət yüksək səviyyədədir. Bu isə əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Hər iki tərəfdə bu əməkdaşlığa ciddi maraq açıq şəkildə hiss olunur. Bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi baxımdan qarşılıqlı fayda verir. İtaliya Azərbaycanın iqtisadi inkişaf potensialını görür və bu prosesdə aktiv iştirak etmək istəyir. Xüsusilə post-müharibə dövründə Cənubi Qafqazda yaranan yeni reallıqlar, o cümlədən Zəngəzur dəhlizi və regionda sülh perspektivləri böyük dövlətlərin diqqətini bu bölgəyə yönəldib. İtaliya da bu proseslərdən kənarda qalmaq istəmir. Qarşıdakı səfər çərçivəsində siyasi və diplomatik məsələlərlə yanaşı, iqtisadi gündəmin daha çox ön plana çıxacağı gözlənilir. Əsas məqsəd iqtisadi əməkdaşlığın genişləndirilməsidir. İtaliya Azərbaycanda investisiya imkanlarını artırmaqla öz potensialını nümayiş etdirmək niyyətindədir. Səfərin nəticələri ikitərəfli iqtisadi münasibətlərə də müsbət təsir göstərə bilər. Gözlənilir ki, bu səfərdən sonra Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq".
Mehriban Yariyeva