Gənc İT mütəxəssisləri hansı bacarıqlara üstünlük verməlidir?
Müasir dünyada informasiya texnologiyaları sürətlə inkişaf edir və gənc İT mütəxəssislər üçün texniki bacarıqlarla yanaşı, yumşaq bacarıqlar də həyati əhəmiyyət kəsb edir. Proqramlaşdırma, kiber təhlükəsizlik, məlumat bazaları və süni intellekt kimi texniki biliklər iş həyatında rəqabət üstünlüyü qazandırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında IT mütəxəssisi Elvin Həsənov bildirib ki, bu gün gənc IT mütəxəssisləri üçün əsas məsələ təkcə texnologiyanı bilmək yox, onu düzgün və məqsədyönlü istifadə edə bilməkdir:
"Çünki IT sahəsi çox sürətlə dəyişir və bu mühitdə uğurlu olmaq üçün həm texniki, həm də insani bacarıqlar balanslı şəkildə inkişaf etdirilməlidir. Proqramlaşdırma dillərinə gəldikdə isə gənclər ilk növbədə bazası güclü və geniş istifadə olunan dillərə üstünlük verməlidirlər. Python hazırda süni intellekt, data analitika və avtomatlaşdırma sahələrində çox geniş istifadə olunur və öyrənilməsi nisbətən asandır. JavaScript veb texnologiyaların əsasını təşkil edir və demək olar ki, hər bir onlayn platformanın arxasında dayanır. Java və C# isə bank, dövlət və böyük korporativ sistemlərdə hələ də tələb olunan dillərdəndir. Bundan əlavə məlumatlarla işləmək üçün SQL və kodun düzgün idarəsi üçün Git bilikləri artıq əsas bacarıq sayılır. Amma texniki biliklər təkbaşına kifayət etmir. Gənc yoldaşlar özlərini inkişaf etdirmək üçün real layihələr üzərində işləməlidirlər. Kiçik tətbiqlər hazırlamaq, şəxsi ideyaları texnologiya ilə reallaşdırmaq, açıq mənbəli layihələrə qoşulmaq və hackathonlarda iştirak etmək bu baxımdan çox faydalıdır. Ən yaxşı öyrənmə prosesi məhz praktikada baş verir. Sadəcə kurs keçmək kifayət etmir, öyrəndiyini tətbiq etmək insanı fərqləndirir. Bundan əlavə ünsiyyət bacarığı, komandada işləmək, problemi düzgün izah etmək və öyrənməyə açıq olmaq da çox vacibdir. İT mütəxəssisi texniki mövzunu qeyri-texniki insana sadə dildə izah edə bilirsə, bu artıq böyük üstünlükdür".
Gövhər Mehyəddinova
