00:00:00
Yazar
Admin User
19.11.2025 17:08 146 2 dəq oxuma
Sosial

Gənc jurnalistlərin qarşılaşdığı ən böyük çətinliklər

Gənc jurnalistlərin qarşılaşdığı ən böyük çətinliklər

Müasir media mühiti sürətlə dəyişdiyi üçün jurnalistikaya yeni daxil olan gənclər həm peşəkar, həm də psixoloji baxımdan ciddi çətinliklərlə üzləşirlər. İnformasiya bolluğu, rəqabətin artması və texnologiyanın mediaya tam inteqrasiya olunması bu sahəyə qədəm qoyan reportyorların işini həm daha dinamik, həm də daha mürəkkəb edir.

 

Bu mövzu ilə bağlı jurnalist İlkin Məmmədkərimov “İnformator.az”a bildirib ki, məsələ burasındadır ki, bu gün gənc jurnalistlərin qarşılaşdığı ən böyük maneə işsizlikdir:

 

“Medianın ümumi vəziyyəti isə həqiqətən ürəkağrıdıcıdır. Hazırda xəbər saytlarında ciddi maliyyə böhranı yaşanır. Onsuz da az sayda əməkdaşla çalışan redaksiyalar indi mövcud işçiləri belə ixtisar etməyə başlayıb. Jurnalistikada maaşlar həddindən artıq aşağıdır. Uzun illər ərzində aparıcı agentliklərdə belə əmək müqaviləsi olmadan, 300–350 manat maaşla insanlar işlədilib. İndi isə həmin o cüzi maaşlı iş yerləri belə təhlükə altındadır. Hal-hazırda işlədiyim media qurumunda da eyni vəziyyət müşahidə olunur. Saytlarda təcrübənin tələb edilməsi də ayrı bir problemdir. Mən özüm bu problemlə dəfələrlə qarşılaşmışam. Müraciət etdiyiniz redaksiyalar təcrübəniz olmadığını əsas gətirərək imtina edirlər. Halbuki gənc jurnalist təcrübə qazanmaq üçün məhz media qurumunda işləməlidir. Digər tərəfdən, bəzi saytlar adi xəbəri yerləşdirməyi belə çox mürəkkəb bir proses kimi təqdim edirlər. Müxbir, redaktor və hətta kontent meneceri kimi sadə vəzifələr belə yüksək tələblərlə elan olunur. Bu isə media bazarını tamamilə çıxılmaz vəziyyətə salıb. Yeni başlayanlara demək olar ki, heç bir şans verilmir. Universitetlərdə də vəziyyət ürəkaçan deyil. Tələbələr dörd il ərzində yalnız nəzəri dərslərlə kifayətlənirlər. Onlar nə redaksiya mühiti görür, nə xəbər otağına girir, nə də real media işinin necə getdiyini öyrənirlər. Dünyada hər hansı böyük hadisə baş verəndə peşəkar redaksiyada nələrin yaşandığını, proseslərin necə idarə olunduğunu demək olar ki, bilmirlər. Halbuki təcrübə ilə nəzəriyyənin birlikdə verilməsi daha effektiv olar. Bu gün medianın durumu çox ağırdır. Qəzetlərin əksəriyyətində ixtisarlar gedir, bir çox layihələrin maliyyəsi dayandırılıb. Medianın İnkişafı Agentliyinin siyasəti də mətbuatı daha da zəiflətməyə səbəb olur. Azad reklam bazarı demək olar ki, yoxdur, gəlir mənbələri məhduddur. Hətta əvvəllər nisbətən yaxşı vəziyyətdə olan qurumlar belə artıq yeni vakansiya elan edə bilmirlər. Hazırkı vəziyyət sözün əsl mənasında biabırçı və narahatedicidir. Media bazarında həm təcrübəli jurnalistlər, həm də yeni başlayanlar üçün imkanlar minimuma enib”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər