Gənclər arasında zərərli vərdişlərin artması
Son illərdə gənclər arasında siqaret, alkoqol, elektron siqaret və digər asılılıq yaradan vasitələrə meylin artması sosial narahatlığa çevrilib.
Mövzu ilə bağlı araşdırmaçı ekspert Məhbubə Mehdiyeva “İnformator.az”a bildirib ki, zərərli vərdişlərin formalaşmasında ailə mühüm sosial institut kimi əsas faktorlardan biridir:
“Ailədə emosional soyuqluq, valideyn nəzarətinin zəifliyi və ya münaqişəli münasibətlər gənclərin mənəvi boşluğa düşməsinə gətirib çıxarır. Belə hallarda gənc şəxs özünü dəyərləndirmək və qəbul olunmaq ehtiyacını bəzən siqaret, alkoqol və ya digər asılılıqlar vasitəsilə təmin etməyə çalışır. Tədqiqatlar göstərir ki, xüsusilə tam olmayan ailələrdə və sosial-iqtisadi cəhətdən zəif təbəqələrdə böyüyən gənclər daha çox risk altındadırlar. Azərbaycan reallığında da ailə nəzarətinin zəifləməsi, valideynlərin uzun iş saatları, həmçinin sosial təzyiqlər gəncləri yanldş təsirlərə daha açıq hala gətirir. Müasir dövrdə texnologiya gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, bir tərəfdən, informasiya mübadiləsini asanlaşdırsa da, digər tərəfdən, virtual asılılıq, “like” mədəniyyəti və təsir altında qərarvermə kimi yeni risk foraları yaradır. Məsələn, Cənubi Koreyada artıq “internet asılılığı” diaqnozu rəsmi olaraq tibbi kateqoriya kimi qəbul olunub və hökumət bu problemin qarşısını almaq üçün xüsusi reabilitasiya düşərgələri yaradıb. Eyni zamanda, “influencer” mədəniyyəti də gənclərin davranış modellərinə təsir edir. Sosial mediada təbliğ olunan “cool” və “azad” həyat tərzləri çox vaxt reallığı əks etdirmir, lakin gəncləri bu davranışları təqlid etməyə sövq edir. Bu da nəticə etibarilə həm psixoloji, həm də sosial asılılıqlara səbəb olur. Zərərli vərdişlərin qarşısını almaq üçün əsas məsuliyyət yalnız ailənin deyil, həm də sosial institutların üzərinə düşür. Məktəblər gənclərə təkcə nəzəri bilik deyil, həm də emosional dayanıqlıq və qərarvermə bacarığı aşılamalıdır. Bu məqsədlə Finlandiyada tətbiq olunan “Life Skills Education” proqramı uğurlu nümunədir - burada şagirdlər riskli vəziyyətlərdə “yox demə” bacarığını praktik yollarla öyrənirlər. Media isə maarifləndirici gücünü itirməməlidir. Təəssüf ki, bir çox hallarda zərərli vərdişlər filmlərdə və reklamlarda romantikləşdirilmiş formada təqdim olunur. Buna görə media orqanları sosial məsuliyyət mövzularına daha çox yer ayırmalı, real həyat hekayələrinin təqdiminə üstünlük verməlidirlər. İctimai təşkilatlar da könüllülük proqramları, mentorluq layihələri və idman təşəbbüsləri ilə gəncləri faydalı fəaliyyətlərə cəlb edə bilər. Məsələn, İsveçdə “Youth Power” adlı layihə vasitəsilə gənclər narkotik və alkoqoldan uzaq durmaqla yanaşı, sosial məsuliyyətli vətəndaş kimi yetişdirilirlər”.
Fatimə Hüseynli
