Gənclər niyə incəsənətdən uzaqlaşır?
Müasir dövrdə gənclərin maraq dairəsi sürətlə dəyişir. Texnologiyanın inkişafı, sosial şəbəkələrin təsiri və həyat tempinin artması incəsənətə ayrılan zamanı azaldır. Halbuki incəsənət gənclərin düşüncə tərzinin formalaşmasında, yaradıcılıq və estetik zövqün inkişafında mühüm rol oynayır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında rəssam Aqşin Feyzullayev bildirib ki, o, gənclərin incəsənətdən uzaqlaşdığını düşünmür:
“Əksinə, bu günlərdə istər Azərbaycan İncəsənət Universitetinin yanında keçdikdə, istər digər peşə məktəblərinin qarşısından keçdikdə görürük ki, gənc tələbələr, məzunlar necə oxuyurlar, həvəslə dərsə gedirlər, rəssamlıq fakültəsində olanlar planşetlə gedib-gəlirlər. Mən bunun şahidi oluram. Sərgilər keçirirlər, konsertlər təşkil edirlər. Aktyorlar seriallarda çəkilirlər, musiqiçilər festivallarda iştirak edirlər. Daha az maraq göstərmələrinin səbəbi, sözsüz ki, hər kəsin maddi ehtiyaclarını qarşılamağa uyğun iş tapmasıdır. Bir çoxları regionlardan gəliblər, kirayə pulu ödəmək, ehtiyaclarını qarşılamaq və s. lazımdır. İncəsənət sahəsi hamımıza məlum olduğu kimi bir az səbr, dözüm tələb edir. Maddi dolanışığını qarşılamaq üçün başqa sahəyə yönəlirlər".
Gövhər Mehyəddinova
