Gənclər niyə xaricdə təhsili üstün tutur?
Son illər Azərbaycan gəncləri arasında xaricdə ali təhsil almağa maraq əhəmiyyətli dərəcədə yüksəlib. Bu tendensiya təhsil keyfiyyəti, beynəlxalq diplomların tanınması və karyera imkanları ilə əlaqələndirilir.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, xaricdə təhsilə artan marağın əsas səbəblərindən biri təhsilin keyfiyyəti və diplomların beynəlxalq səviyyədə tanınmasıdır:
“Xarici universitetlərin diplomları məzunlara qlobal əmək bazarında daha geniş imkanlar yaradır. İnternet və sosial media vasitəsilə universitetlər, təqaüd və mübadilə proqramları haqqında məlumatların əlçatan olması da prosesi sürətləndirir. Bundan əlavə, fərqli mədəniyyətlərdə yaşamaq və müstəqil qərarvermə imkanı gənclər üçün ciddi motivasiya yaradır. Bəzi hallarda yerli ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə tam cavab verməməsi də gəncləri xarici ölkələrə yönəldir”.
Xaricdə təhsil alan gənclərin bir hissəsinin geri qayıtmaması məsələsinə toxunan Vüsət Əzizov bildirib ki, bu, yalnız maddi səbəblərlə bağlı deyil:
“Bir sıra ölkələrdə şəffaf əmək bazarı, yüksək maaşlar, sosial təminatlar, elmi tədqiqat və startap mühiti gənclərə uzunmüddətli sabitlik hissi verir. Bu rəqabətdən geri qalmamaq üçün Azərbaycan universitetlərində sistemli dəyişikliklər aparılmalıdır. Tədris proqramları əmək bazarına uyğunlaşdırılmalı, praktiki və layihə əsaslı təhsil gücləndirilməli, akademik heyətin seçimi və inkişafı şəffaf meyarlarla həyata keçirilməlidir. Xarici universitetlərlə ikili diplom və mübadilə proqramlarının genişləndirilməsi, eləcə də tədqiqat və innovasiya mühitinin yaradılması vacib amillər sırasındadır”.
Lalə Əhməd
