Gənclərin “Digital Detox” Etməyə Marağı
Son illərdə texnologiya və sosial medianın həyatımızda tutduğu rol əhəmiyyətli dərəcədə artıb. Xüsusilə gənclər gündəlik olaraq sosial şəbəkələrdə, smartfon və digər rəqəmsal cihazlarda çox vaxt keçirirlər. Bu isə bəzən diqqət dağınıqlığı, yuxu problemləri, stress və psixoloji yorğunluq kimi hallara gətirib çıxarır. Bütün bunlar gəncləri “digital detox” — yəni müəyyən müddət rəqəmsal cihazlardan və sosial mediadan uzaqlaşmaq — praktikalarına yönəldir. Bu proses gənclərin özünü daha balanslı hiss etməsinə, real həyatdakı münasibətlərini gücləndirməsinə və psixoloji sağlamlıqlarını qorumasına kömək edir.
Mövzu ilə bağlı psixoloq Almara Ağaqızı bildirir ki, dijital detox elə də dəbdə olan bir şey deyil, lakin gənclər üçün vacibdir:
"Bu gün texnologiya gənclərin həyatında elə böyük yer tutur ki, həm ünsiyyət, həm məlumat, həm də əyləncə üçün əsas vasitəyə çevrilib. Amma bu qədər informasiya axını gəncləri yükləyir və nəticədə bir çoxu özünə “digital detox” — yəni telefon və sosial şəbəkələrdən fasilə — verməyə başlayır.
Gənclərin detoxa yönəlməsinin əsas səbəblərindən biri beynin gün ərzində aldığı çoxlu vizual və emosional məlumatdır. Bu, diqqətin yayınmasına, yorğunluğa və ümumi motivasiya düşməsinə səbəb olur. Sosial şəbəkələrdə hər kəsin özünü ən ideal formada göstərməsi də gənclərdə müqayisə hissini gücləndirir və özünəinamı zədələyə bilir. Üstəlik, hər an onlayn olmaq, bildiriş gözləmək və mesajlara dərhal cavab vermək təzyiqi gizli stres yaradır.
Detox edən gənclərin gündəlik həyatında isə tez bir zamanda müsbət dəyişikliklər görünür. Diqqət artmağa başlayır, yaddaş daha yaxşı işləyir. Ekrana az baxdıqları üçün yuxu keyfiyyəti də yaxşılaşır. Az stimul olduğundan gərginlik azalır, emosional tarazlıq bərpa olunur. Həm də real ünsiyyət güclənir — insanlar bir-birini daha yaxşı dinləyir və daha çox empatiya göstərirlər.
Uzun müddətdə digital detox daha sağlam özünədərk yaradır, stresə qarşı dözümlülüyü artırır və sosial bacarıqların inkişafına müsbət təsir edir. Ən önəmlisi isə gənclər texnologiyadan daha şüurlu istifadə etməyi öyrənirlər — yəni telefon onların deyil, onlar telefonun idarəçisi olur.
Qısacası, digital detox sadəcə dəbdə olan bir şey deyil. Gənclərin psixoloji, emosional və sosial sağlamlığı üçün çox faydalı bir vərdişdir. Vaxtında fasilə götürmək həm beyni dincəldir, həm də həyatı daha balanslı edir".
Ayisə Şərifova
