Gənclərin diqqət problemi artıb - sosial şəbəkələr günahkardırmı?
Telefonların həyatımızda tutduğu yer gün keçdikcə daha da artır. Artıq demək olar ki, hər yaşda insanın gündəlik rutinində telefonlar əvəzolunmaz vasitədir. Lakin bu asılılıq, xüsusən sosial şəbəkələrdə keçirilən vaxt diqqət əksikliyi və psixoloji gərginlik kimi problemləri də ortaya çıxarır.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki,telefon həyatımızın ayrılmaz bir parçasıdır, çünki bu, zəncirvari şəkildədir:
"Hətta uşaqlar da kiçik yaşlarından görürlər ki, valideynlər, böyüklər telefona nə qədər önəm verirlər, nə qədər telefonda vaxt keçirirlər istər sosial şəbəkələrdə, istərsə də telefonun digər funksiyalarında. Uşaqlar üçün nə qədər maraqlı olsa da, onlar bunu artıq belə qəbul etməyə başlayırlar ki, telefon vacibdir, həyatda önəmli bir elementdir, həyatın bir parçasıdır. Əslində həyatın özü bizik, amma bu telefon bir növ dərd halını alıb. Telefonların markası, funksiyaları insanları çox cəlb edir və hər dəfə yenilənir. Əsas məsələ isə sosial şəbəkələrdə keçirilən vaxtdır".
Həmçinin psixoloq bildirib ki,bəzən demək olar ki, bütün yetkin insanlarda diqqət əksikliyi yaranır:
"Bu diqqət əksikliyinin ən çox səbəbi telefon asılılığıdır. Çünki telefonda hər şey sürətlidir. Bir proqramdan başqa birinə keçmək, sosial şəbəkələr arasında sürətlə dolaşmaq, qısa vaxtda çox hərəkət etmək mümkündür. Bu isə yetkin insanlarda psixoloji narahatlıq və diqqət əksikliyi yaradır, özünə zərər verən bir haldır. Telefon cansız bir vasitədir, amma insanı idarə edə bilir və vaxtın daha ağır keçdiyi hissini yaradır. Məsələn, üç saat telefonda vaxt keçirmək çox yorucu ola bilər. Buna görə ailələrdə telefon detoksu etmək ,yəni birlikdə vaxt keçirərkən ən azı bir saat telefonu kənara qoymaq faydalıdır. Canlı ünsiyyətin insana verdiyi psixoloji rahatlıq heç bir texnoloji vasitə ilə əvəz edilə bilməz".
Aysun Vəliyeva
