Göydən 3 alma,1 banan düşdü...
Biri var idi, biri yox idi... Şəklə baxan kimi beyində avtomatik bu cümlə canlanır. Sanki hansısa nağıl başlayacaq, baş qəhrəman müxtəlif çətinliklərlə üzləşəcək, onları dəf edərək üç almasına qovuşacaq. Yəqin bu yazıya görə almanın birini mənə verər, birini özü yeyər, birini də bu yazını oxuyanlara. Bəlkə də özünü də bir oxucu hesab edib almaların ikisini də özü yeyər, bilmək olmaz...
Hə, gələk həm olub, həm olmayana. Axı bayaq dedik: var idi, yox idi, bu qısa müddətdə fenomenə çevrilən makaka balası Pançın anasıdır. Bir aydır internet Panç adlı makaka balasını izləyir. Doğma anası onu tərk etdiyi üçün Panç sürüdən kənarda böyüyüb və kollektivə qoşulmaq onun üçün asan olmayıb.
Yapon makakası balası Pançi-kun (və ya sadəcə Panç) 2025-ci ilin iyulunda Tokiodan çox da uzaq olmayan İtikava şəhər zooparkında dünyaya gəlib. Demək olar ki, dərhal anası ondan imtina edib. “Yomiuri Şimbun” qəzetinin versiyasına görə, ana ya bu onun ilk balası olduğu üçün maraq göstərməyib, ya da yay istisinin təsirindən zəif düşüb. Zoopark əməkdaşları Pançı ölümdən xilas ediblər. Onu butulka ilə qidalandıraraq qrupdan ayrı böyüdüblər.
Makaka balaları üçün ana ilə fiziki təmas həyati əhəmiyyət daşıyır, onlar özlərini təhlükəsiz hiss etmək və əzələlərini inkişaf etdirmək üçün anadan yapışırlar. Buna görə əməkdaşlar Pança süni “ana” tapmağa qərar veriblər: əvvəlcə dəsmal və müxtəlif yumşaq oyuncaqları sınayıblar. Sonda balaca seçim edərək yumşaq oranqutan oyuncağını seçib. Baxıcılardan biri Kosuke Şikano bildirib ki, bu oyuncağın “tükündən” yapışmaq asandır və zahirən meymuna bənzədiyi üçün balaca makakaya təhlükəsizlik hissi verib. Panç “sürroqat anasına” tez bağlanıb, aylarla onu volyer boyunca özü ilə gəzdirib, qucaqlayıb və sinəsinə sıxaraq yatıb.

2026-cı ilin yanvarında Pançın taleyində mühüm mərhələ başlayıb: onu digər meymunların olduğu volyerə qaytarıblar. İnsanlar tərəfindən qrupdan ayrı böyüdülən heyvanlar çox vaxt kollektivə çətin uyğunlaşır və digər makakalar onlara qarşı aqressiv ola bilər. Təəssüf ki, Pançla da belə olub. O, yenə də yumşaq oranqutanı özü ilə gəzdirir, canlı meymunlar isə ondan uzaq dururdular. İlk həftələrdə baxıcılar tez-tez görürdülər ki, Panç tək qalır, bəzən isə yaşıdları onu incidirdi. Park əməkdaşı heyvanları yemləmək üçün volyerə daxil olanda insanlara öyrəşmiş balaca möhkəm-möhkəm ona yapışır və buraxmaq istəmirdi.
Fevralın 5-də İtikava şəhər zooparkı Pançın hekayəsini sosial şəbəkələrdə paylaşıb. Paylaşım 4 milyondan çox baxış toplayaraq onu əsl internet ulduzuna çevirib. Ertəsi gün Panç üçün həştəqlər yaradılıb. Bəziləri hətta “Pançi-kunun müdafiə dəstəsini” yaratmağı təklif edib, bir istifadəçi isə Yaponiyaya uçub balacanı incidən meymunları “cəzalandıracağına” söz verib.
Fevralın 6-da zoopark ictimaiyyəti sakitləşdirərək bildirib: “Panç tədricən qrupdakı meymunlarla ünsiyyətini dərinləşdirir! Onu təmizləyirlər, o da başqalarına oynaq şəkildə yaxınlaşır”. Əməkdaşlar əlavə ediblər ki, qohumları bəzən onu “tənbeh” edir, amma bu, sürüdə normal sosial davranışın bir hissəsidir. Primatlarda qarşılıqlı təmizləmə yalnız gigiyena deyil, həm də etibarın və qrupa qəbulun əlamətidir. Fevralın 12-nə qədər Panç daha çox sayda sürü üzvü ilə təmas qurmağa başlayıb və görünür, artıq dostları da yaranıb.
Lakin fevralın 19-da sosial şəbəkələrdə yayılan ürəkdağlayan bir video yenidən narahatlıq yaradıb. Kadrlarda Panç başqa bir balaya yaxınlaşır, o isə qaçır. Bir neçə saniyə sonra yetkin bir meymun Pança hücum edir, onu başından tutaraq volyerin döşəməsi ilə sürüyür. Qorxuya düşən balaca yumşaq “anasına” qaçaraq onu qucaqlayır.
Bundan sonra zoopark rəsmiləri açıqlama verib: Pançı sürüyən yetkin fərd, böyük ehtimalla, yaxınlaşmaq istədiyi balanın anası olub. Yəqin ki, o, öz balasını qorumaq üçün Pança dərs vermək istəyib. “İndiyədək Pançı sürüdəki meymunlar dəfələrlə danlayıb, amma onu həqiqətən yaralamağa çalışan olmayıb”, - deyə əməkdaşlar bildiriblər. Onlar qeyd ediblər ki, insidentdən az sonra Panç yenidən digər meymunlarla ünsiyyət qurmağa çalışıb və artıq oyuncağı ilə daha az vaxt keçirir. Zooparkda onun psixoloji möhkəmliyi xüsusi vurğulanıb: “Onu danlasalar da, tez özünə gəlir”. İnsanları yalnız yazığı gəlməyə deyil, onun səylərini dəstəkləməyə çağırıblar.
Daha yeni bir videoda isə yaşlı bir makakanın Pançı qucaqladığı görünür, bu da balacanın tək olmadığını göstərir. Onun hekayəsi artıq onlayn məkanı aşıb: bir səhər zooparka təxminən 900 nəfər gəlib ki, bu da adi gündən dörd dəfədən çoxdur. Ziyarətçilər volyerin qarşısına toplaşaraq Pançı görmək və şəkillərini çəkmək üçün saatlarla yol qət etdiklərini bildiriblər.

Dəstək brendlərdən də gəlib. IKEA Pançın bağlandığı Djungelskog adlı yumşaq oranqutan oyuncağı ilə bağlı paylaşımlar edib: “İndi hamımız Pançın ailəsiyik”. Oyuncağın adı dəyişdirilərək “Mama de Punch” , Pançın anası qoyulub. IKEA Japan-ın davamlı inkişaf üzrə direktoru Petra Fare zooparka gələrək bir neçə ehtiyat yumşaq oranqutan və digər oyuncaqlar hədiyyə edib.

Balaca, amma ruhən güclü Panç artıq tədricən sürünün bir hissəsinə çevrilir. Onun nağılı isə minlərlə insan üçün həm kədərli, həm də ümidverici bir nümunəyə çevrilib. Bu nağıl da müsbət sonluqla bitdi. Nəyinsə olmaması yaşamağa mane deyil. Yetər ki, yaşamağı istə. İstəsən, yaşamaq üçün çox səbəb tapacaqsan.
İndi gələk almalara... Panç almaların birini mənə verir, birini bu yazını oxuyanlara (özünə yox ha), birini də onu sevən, ona dəstək olan hər kəsə. Mən də öz alma payımı bananla əvəz edərək Pança verirəm, ondakı bu əzmkarlığa, mübarizliyə görə.
Bizim nağıl burada bitdi. Digər nağıllardan fərqli olaraq, göydən 3 alma, 1 banan düşdü...
Namiq İslamzadə
