“Əgər desəm ki, Azərbaycan teatrının durumu məni qane edir, bu, doğru olmaz”
Teatr milli mədəniyyətimizin əsas sütunlarından biridir. Onun inkişafı, repertuarın səviyyəsi, tamaşaçı ilə əlaqəsi və teatrın maddi-texniki bazası birbaşa ölkəmizin mədəni inkişafının göstəricisidir.
Azərbaycan teatrının bugünkü vəziyyəti ilə bağlı ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın əməkdar artisti Azad Şükürov öz fikirlərini “İnformator.az”la bölüşüb:
“Əgər desəm ki, Azərbaycan teatrının durumu məni qane edir, bu, doğru olmazdı. Teatra az-çox bələd olan adam kimi deyirəm ki, vəziyyət qənaətbəxş deyil. Teatrın maddi-texniki bazası, repertuara düşən dramaturji materialların səviyyəsi, səhnə mədəniyyəti - bunların hər biri ayrıca bir ağrıdır. Açığını desəm, heç biri məni tam razı sala bilmir”.
Günahın təkcə teatr camiəsində olmadığını vurğulayan sənətçinin sözlərinə görə, teatr uzun illərin sarsıntısından çıxan bir ölkənin ümumi proseslərindən yan keçə bilməz:
“Ağır bir müharibədən çıxan, ictimai quruluşunu dəyişən ölkədə teatrın, kinematoqrafiyanın müəyyən axsamalara məruz qalması təbiidir. Lakin bu, o demək deyil ki, biz bu vəziyyətlə barışmalıyıq. Bu gün elə məqamdır ki, Azərbaycan teatrı dünya miqyasına çıxmalıdır, yoxsa zamanın ardınca qaça bilməyəcəyik. Mövzunun ən həssas nöqtəsi tamaşaçı məsələsidir. Tamaşaçı düşünmək yox, gülmək istəyir, bu isə təhlükəli tendensiyadır. Bu gün tamaşaçı düşünməkdən çox gülmək həvəsindədir. Teatra düşünməyə, hisslərini təmizləməyə yox, sadəcə əylənməyə gələnlər daha çoxdur. Tamaşaçı hansı səviyyədədirsə, teatr da o səviyyədə olacaq, lakin zövqlü tamaşaçı da öz zövqünə uyğun tamaşa axtarır. Teatr isə ona həmin səviyyədə material təqdim etməyə borcludur”.
Azad Şükürov illərlə tələbə yetişdirən bir pedaqoq kimi gənclərin taleyindən də söz açıb. Onun fikrincə, aktyor təhsilində ciddi boşluq yoxdur, amma ən böyük problem universitetlə teatrlar arasındakı körpünün qırılmasıdır:
“İstedadlı tələbələr yetişir, amma onları teatra aparan yol yoxdur. Çox az görmüşəm ki, hansısa teatrın direktoru, baş rejissoru gəlib diplom tamaşalarına baxsın. Universiteti bitirənlərin iş tapmasında böyük boşluq var. Halbuki bugünkü tələbələr kifayət qədər peşəkardır. Rayon teatrlarında maddi vəziyyət o qədər zəifdir ki, gənc aktyor ora getmək istəmir. Ev, yaşayış, əlavə çəkiliş imkanları, heç biri yoxdur. Təkcə teatr məvacibi ilə dolanmaq mümkün deyil”.
Teatrın əsas dayaqlarından biri dramaturgiyadır. Teatr xadiminin fikrincə, bu sahə bu gün ən ciddi çatışmazlıqlarla üz-üzədir:
“Dramaturgiya sahəsində böyük boşluqlar var. Barmaqla sayılası qədər dramaturq var ki, səviyyəli pyes təqdim edə bilsin. Məsələn, Qarabağ müharibəsi ilə bağlı çox əsər oxumuşam, amma onların içində yalnız Əli Əmirlinin ‘Xeyir Xəbər’ini yüksək səviyyəli hesab edirəm. Əsas problem isə pyeslərin strukturunda, bədii yükündə, şüarçılığa meyldədir. Çoxu ya populistdir, ya da hansısa tendensiyanın təsiri altında yazılıb. Halbuki pyesin dünya miqyasında qəbul olunmuş strukturu var”.
Digər əsas sarsıdıcı məqam teatrların infrastruktur problemi ilə bağlı olduğunu bildirən Əməkdar artist Bakı tamaşaçısının teatra gəlmək üçün müxtəlif çətinliklərlə üzləşdiyini deyir:
"Əhmədli, Xırdalan, Biləcəri kimi ərazilərdə yaşayan tamaşaçının mərkəzə gəlib tamaşaya baxması əzabdır. Bir tamaşaya getmək üçün dörd saat vaxt lazımdır. Bunun üçün teatr binalarının sayını artırmaq şərtdir, mərkəzdən kənar ərazilərdə də səhnələr qurulmalıdır.Nümunə olaraq Türkiyə modelini göstərə bilərik. İstanbulun müxtəlif guşələrində teatr səhnələri var. Hər səhnənin müdiri, administratoru, texniki heyəti olur. Mərkəzi teatrlar tamaşalarını bölgələrə aparır. Bizdə niyə olmasın? Şadlıq sarayları yağışdan sonra göbələk kimi artır, amma yeni bir teatr binası tikilmir. Papağımızı qabağımıza qoyub düşünməliyik, biz milləti hara aparırıq? Şadlıq sarayına, yoxsa teatra? Teatrın gələcəyi yalnız aktyor və rejissorun üzərində qurula bilməz. Teatrın yaşaması üçün təkcə aktyor yox, bütün struktur işləməlidir. Moskvada, Sankt-Peterburqda tamaşaların başa gəlməsi üçün böyük şirkətlər dəstək olur. Biz isə teatrda dedi-qodunun arxasınca düşmüşük. Teatr öz yağında qızara bilməz, dövlət dəstəyi vacibdir. Problemi danmaq, üstünü örtmək yerinə üzərinə getmək lazımdır. Teatrda keyfiyyətli nəticə üçün düzgün planlama və ciddi dəstək olmalıdır".
Teatrın gələcəyi yalnız kollektiv səylə, planlı yanaşma və hər səviyyədə dəstək göstərilməsi ilə təmin edilə bilər. Azərbaycan teatrı üçün əsas məsələ birliyə gəlmək və uzunmüddətli inkişaf üçün davamlı strategiya qurmaqdır.
Ayan Sədi
