“Gərginliyin səviyyəsi tərəflərin davranışlarından asılı olacaq”
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Bildirilir ki, İran Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı (PUA) ABŞ-nin bölgədə yerləşən hərbi gəmisinə doğru hərəkət edib. Hadisə təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.
Politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki, İran PUA-larının ABŞ-nin təyyarədaşıyan gəmisinə yaxınlaşması vəziyyəti gərginləşdirən amillərdən biridir:
“Dünən ABŞ ordusu gəmiyə yaxınlaşan PUA-nı zərərsizləşdirib. Bu tip hadisələr eskalasiyanın artması deməkdir və ABŞ cavab tədbirlərini aydın şəkildə müəyyən edib. Bundan sonra da gəmilərə yaxınlaşan hər hansı obyekt olarsa, onun məhv edilməsi üçün konkret addımlar atılacaq. Mən düşünürəm ki, bu hal gələcəkdə müntəzəm xarakter almayacaq və əlavə gərginlik ehtiyacı yaranmayacaq. Nəzərə alsaq ki, iki gün sonra tərəflər arasında İstanbulda danışıqların keçirilməsi planlaşdırılır, hələlik bu dövrə qədər təxribat olacağını düşünmürəm. Əgər danışıqlar uğursuz olsa və tərəflər arasında fikir ayrılıqları dərinləşsə, əlbəttə ki, eskalasiyanın artmasının şahidi olacağıq. Bu, regionda ciddi qarşıdurma deməkdir. Region ölkələri və İranla qonşu ölkələrin heç biri belə bir qarşıdurmada maraqlı deyil. Yəni gərginliyin səviyyəsi tərəflərin davranışlarından asılı olacaq. Əgər danışıqlar nəticə verərsə, gərginlik xeyli azalacaq. Əks halda, xüsusilə İrandan PUA vasitəsilə həyata keçirilən təxribatlar eskalasiyanı artıracaq. Bu həftə belə gərginliyin davam etməsi cavab tədbirlərinə və daha yüksək təhlükə səviyyəsinə gətirib çıxara bilər”.
Cavahir Əsgərbəyli
