00:00:00
Yazar
Ayan Sədi
30.03.2026 17:36 113 2 dəq oxuma
Köşə Özəl

Günəş qürub etdi...

Günəş qürub etdi...

"Mən əbədiyyət üfüqündə doğan Günəşəm, Günəş qürub edəndə əlbəttə saralar".

 

Bəzən bir insanın gedişi təkcə bir ömrün sonu olmur, bütöv bir dövr susur, səmanın işığı sönür. Rasim Balayev Azərbaycan kinematoqrafiyasına doğulan bir Günəş idi. Azərbaycan sənətinin səmasında bir Günəş qürub etdi...

 

 

Rasim Balayev sənətdə açdığı cığırı ilə, rolları ilə öz adını brendləşdirməyi bacarmışdı. İstedad və şəxsiyyət birləşəndə əsl sənətkar yaranır. O, əsl sənətkar adını qazana bilmişdi. Xalq onu çox sevirdi, xalq onu özünə çox doğma, yaxın bilirdi. Ona görə də "xalq artisti" adı ona verilmişdi. Rasim Balayev sadəliyi, təvazökarlığı ilə həmişə sevilirdi. O, heç vaxt müvəffəqiyyətdən başgicəllənməsi yaşamamışdı. "Ağac bar verdikcə başını aşağı əyər" atalar sözü onun şəxsiyyəti ilə eynilik təşkil edir.

 

Saysız-hesabsız, unudulmaz, tarixi rolların mahir ifaçısı bu gün özü də bir tarixə qovuşdu. Azərbaycan kinematoqrafiyasının ən rəngarəng səhifələri onunla bağlıdır. Xalqın qəhrəmanı olmağı bacarmışdı.

 

 

"Gələnindən, gedənindən Beyrək xəbərin sordunmu, qız?" - deyərək Banuçiçəyi sual atəşinə tuturdu. İndi Banuçiçək uzun-uzadı yollara baxaraq gələndən də, gedəndən də Beyrək xəbərini sorur. Cavab gəlmir... Qara saçlarını yolaraq, ala gözdən acı yaşlar tökərək Beyrək yolunu gözləyən bir xalq var. Amma Beyrək gəlmir.

Bu gün hamının "Bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür" deyən üsyankar, mühafizəkar Babəkə ehtiyacı var. Amma Babək yoxdur.

Qəflət yuxusunda yatanlar oyanmaq istəyir. Onların oyanmaq istəyinə bircə misra, çağırış bəs edər... "Ey özündən bixəbər qafil, oyan. Həqqə gəl ki, həqq deyil, batil, oyan". Amma səs gəlmir...

Cavid Əfəndi olanda deyirdi: "Beş gün ömrün neçə əfsanəsi var

Eşqi var, badəsi var, peymanəsi var

Sonu həsrətlə bitərkən, əfsus,

Yenə dünya dolu pəncərəsi var..."

 

77 illik ömrün nə qədər əfsanəsi, silinməz xatirəsi oldu. O xatirələrin daha çox olmasını istəyərdik, qismət olmadı. Bu dünyadan bir Rasim Balayev keçdi. Bu gün vəfat edən təkcə o deyil, bu gün Nəsimi də, Cavid də, Beyrək də, Babək də bir daha vəfat etdi. Geridə bir xalq qaldı. O xalq ki, uzun-uzadı yollara baxır, gecə kimi qara saçlarını yolur, ala gözdən acı yaşlar tökür, gələndən, gedəndən Beyrək xəbərini sorur...

 

Namiq İslamzadə

#Rasim Balayev Nəsimi Babək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər