00:00:00
Yazar
Zəhra Həsənova
07.04.2026 20:18 66 2 dəq oxuma
Siyasət

Gürcü vitse-spiker: Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür

Gürcü vitse-spiker: Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür

Gürcüstan parlamentinin sədr müavini Sozar Subari bildirib ki, Azərbaycanda sülhün olmaması Gürcüstanın inkişafını mümkünsüz edir, eyni zamanda Gürcüstanda sabitlik pozularsa və ölkədən keçən nəqliyyat yolları qorunmasa, Azərbaycan da inkişaf edə bilməz. 
 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri dərin siyasi və iqtisadi əsaslara söykənir:

 

“Gürcüstan Azərbaycan üçün Avropaya çıxışda əsas tranzit rolunu oynayır və Türkiyə ilə birbaşa əlaqələrin qurulmasında mühüm körpü funksiyasını yerinə yetirir. Bu tranzit rolu Gürcüstanın özünə də ciddi iqtisadi dividendlər qazandırıb. Bu kontekstdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin kifayət qədər dərin olduğunu deyə bilərik. Bu münasibətlər Cənubi Qafqazda siyasi sabitliyin və iqtisadi inkişafın əsas amillərindən biridir.  Regionun geosiyasi əhəmiyyəti daha geniş coğrafiyanı əhatə edir. Söhbət Çindən başlayaraq Avropaya qədər uzanan Orta Dəhlizdən gedir və bu marşrut məhz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu baxımdan, iki ölkə arasında yaranacaq istənilən problem təkcə region üçün deyil, daha geniş coğrafiya üçün risklər yarada bilər”.

 

Ekspert, həmçinin vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətlərini beynəlxalq aktorlar da xüsusi həssaslıqla izləyir: 

 

“Bu dəhlizdən iqtisadi və siyasi qazanc əldə edən Avropa, Asiya və digər güclər regionda sabitliyin qorunmasında maraqlıdır. Regionda davam edən normallaşma prosesləri yeni imkanlar yaradır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi yekunlaşdıqdan sonra Ermənistanın da regional əməkdaşlığa qoşulması mümkündür. Bu isə üç ölkə arasında əlaqələrin dərinləşməsinə və Cənubi Qafqazın daha təhlükəsiz və sabit bölgəyə çevrilməsinə xidmət edə bilər. Belə əməkdaşlıq modeli regionun ümumi inkişafına töhfə verə bilər. Bu cür yanaşma həm ayrı-ayrı ölkələrin, həm də bütövlükdə Qafqazın maraqlarına cavab verir, sabitliyi və iqtisadi əməkdaşlığı gücləndirir”.

 

Fatimə Hüseynli

#mümkünsüzdür #azərbaycan #baki #sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər