“Gürcüdtan-Böyük Britaniya dialoqu strateji əməkdaşlığın davam etdiyini göstərir”
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Mərkəzi Asiya və Şərq Qonşuluğu üzrə direktor müavini Mark Kleytonla görüşüb.
Bu barədə Gürcüstan parlamenti məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki,Gürcüstan ilə Böyük Britaniya arasında münasibətlər son illərdə müəyyən siyasi gərginliklərə baxmayaraq tam dayanmayıb və tərəflər dialoq kanallarını açıq saxlamağa çalışırlar:
“Xüsusilə təhlükəsizlik, müdafiə, demokratik institutların inkişafı və regional sabitlik kimi sahələr Londonun Tbilisi ilə əməkdaşlığında prioritet olaraq qalır. Bu baxımdan Nikoloz Samxaradze ilə Mark Kleyton arasında keçirilən görüş mövcud fikir ayrılıqlarının fonunda əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı etimadın qorunması istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Böyük Britaniya Cənubi Qafqazı Avropa təhlükəsizlik arxitekturasının vacib hissəsi hesab edir və Gürcüstanı regionda əsas tərəfdaşlardan biri kimi görməkdə davam edir. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi isə Gürcüstanın Avroatlantik inteqrasiya kursu baxımından əlavə siyasi dəstək mexanizmi yarada bilər. Belə təmaslar qanunvericilik sahəsində Avropa standartlarına uyğunlaşmanı sürətləndirə, demokratik institutların möhkəmlənməsinə töhfə verə və Tbilisinin Qərb institutları ilə siyasi əlaqələrini gücləndirə bilər. Bununla yanaşı, bu proses Gürcüstanın NATO və Avropa strukturlarına inteqrasiyasını avtomatik şəkildə sürətləndirməyəcək. Əsas şərt ölkə daxilində islahatların davam etdirilməsi, siyasi sabitliyin qorunması və Avropa tərəfdaşlarının irəli sürdüyü demokratik meyarların ardıcıl şəkildə yerinə yetirilməsidir”.
Nuray Əliyeva